AQP-də IVS və BMHS üzrə üçgünlük peşəkar təlim keçirilir - FOTOLAR

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) inzibati binasında “Qiymətləndirmə üzrə IVS və Beynəlxalq Maliyyə Hesabatı Standartlarında (BMHS) qəbul edilmiş tələblər və standartlar” mövzusunda üçgünlük peşəkar təlim keçirilir.
Palatadan verilən məlumata görə, 27-29 iyul 2026-cı il tarixlərində baş tutacaq təlim AQP üzvləri və sahə üzrə mütəxəssislər üçün təşkil olunub. Proqram çərçivəsində Beynəlxalq Qiymətləndirmə Standartlarının (IVS) əsas prinsipləri, Beynəlxalq Maliyyə Hesabatı Standartlarının qiymətləndirmə fəaliyyətində tətbiqi, maliyyə hesabatlılığında aktivlərin dəyərinin müəyyənləşdirilməsi, hesabatların hazırlanması zamanı beynəlxalq metodoloji yanaşmalar, habelə praktikada rast gəlinən aktual məsələlər geniş şəkildə təhlil edilib.
Təlimin açılış mərasimində çıxış edən Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov bildirib ki, ölkədə qiymətləndirmə institutunun inkişafı beynəlxalq standartlarla uzlaşan peşəkar mühitin formalaşdırılmasını prioritet istiqamətlərdən birinə çevirib. Onun sözlərinə görə, Beynəlxalq Qiymətləndirmə Standartları ilə Beynəlxalq Maliyyə Hesabatı Standartlarının qarşılıqlı əlaqəsinin düzgün mənimsənilməsi qiymətləndirmə hesabatlarının keyfiyyətinin yüksəldilməsi, investor etimadının möhkəmləndirilməsi və maliyyə məlumatlarının etibarlılığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təlim Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının Fəxri Auditoru, “Tərəqqi” medalı laureatı Nəcəf Talıbov tərəfindən keçirilib. Audit, mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində uzunillik təcrübəyə malik mütəxəssis iştirakçılara beynəlxalq standartlarda son dəyişikliklər, qiymətləndirmə prosesində onların tətbiqi, peşəkar mühakimənin rolu və normativ tələblərin praktik icrası barədə ətraflı məlumat verib. Təlim zamanı nəzəri izahlar real iş təcrübəsinə əsaslanan nümunələrlə müşayiət olunub, iştirakçıları maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Üç gün davam edən proqram qiymətləndiricilərin beynəlxalq standartlar üzrə biliklərinin dərinləşdirilməsi, vahid metodoloji yanaşmanın tətbiqi və peşə fəaliyyətində müasir tələblərin effektiv icrasına yönəlib. Təlim çərçivəsində əldə olunan bilik və təcrübənin qiymətləndirmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, maliyyə hesabatlılığında şəffaflığın gücləndirilməsinə və ölkədə beynəlxalq standartlara əsaslanan qiymətləndirmə sisteminin daha da inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.