AQP-də rəqəmsal sənəd dövriyyəsi müzakirə edilib
Bu gün Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) tərəfindən qiymətləndirici təşkilatların iştirakı ilə görüş keçirilib.
Palatadan verilən məlumata görə, görüşdə rəqəmsal sənəd dövriyyəsi və rəqəmsal sənəd mübadilə buferi barədə ətraflı təqdimat keçirilib.
AQP sədrinin müavini Günay İsmayılqızı qiymətləndirici təşkilatların elektron sənəd dövriyyəsinə keçidi, sənədlərin daha operativ, təhlükəsiz və şəffaf şəkildə mübadiləsinin təmin edilməsi, müasir rəqəmsal imkanlardan daha geniş istifadə olunması istiqamətində görüləcək işləri diqqətə çatdırıb.
Sədr müavini qeyd edib ki, bu təşəbbüs ölkəmizdə həyata keçirilən rəqəmsallaşma və elektron idarəetmə siyasətinin qiymətləndirmə sahəsində də uğurla tətbiq olunmasının mühüm nümunəsidir:
“Elektron sənəd dövriyyəsinə keçid yalnız texniki yenilik deyil, eyni zamanda vaxta qənaət, operativlik, şəffaflıq, məlumatların təhlükəsizliyi və idarəetmənin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. İnanırıq ki, bu istiqamətdə atılan addımlar qiymətləndirmə fəaliyyətinin daha müasir, çevik və rəqəmsal standartlara uyğun təşkilinə mühüm töhfə verəcək”.
Görüş faydalı dialoq və müzakirələr şəraitində davam edib. Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, rəqəmsal sənəd dövriyyəsinin tətbiqi ilə bağlı fikir və təkliflər dinlənilib.
Sonda qiymətləndirici təşkilatların elektron sənəd dövriyyəsinə keçid prosesinin səmərəli təşkili, qarşıda duran məsələlərin operativ həlli və rəqəmsal imkanlardan daha effektiv istifadənin təmin edilməsi ilə müfaviq razılaşmalar əldə edilib.