Logo

AQP daha bir İşçi Qrupu formalaşdırdı - FOTOLAR

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) sektorun beynəlxalq təcrübəyə inteqrasiyası və milli standartların formalaşdırılması istiqamətində genişmiqyaslı işlərə start verilib.

Palatadan bildirilib ki, bu çərçivədə AQP Rəyasət Heyətinin qərarı ilə məşvərətçi və ekspert qurum qismində Standartlar və metodologiya üzrə komissiya yaradılıb.

Palatanın Rəyasət Heyətinin üzvü, tanınmış alim və peşəkar qiymətləndirici Zamin Hüseynovun rəhbərlik etdiyi komissiyanın əsas fəaliyyət istiqaməti Beynəlxalq Qiymətləndirmə Standartları (IVS) əsasında Milli Qiymətləndirmə Standartlarının hazırlanmasını təmin etməkdir.

Milli standartların formalaşdırılması prosesinin səmərəli təşkili məqsədilə komissiyanın nəzdində qiymətləndirmə fəaliyyətinin müxtəlif istiqamətləri, o cümlədən risklərin qiymətləndirilməsi üzrə ixtisaslaşmış işçi qruplar fəaliyyətə başlayıb. Risklərin qiymətləndirilməsi üzrə İşçi Qrupunun əsas məqsədi Beynəlxalq Qiymətləndirmə Standartları ilə yanaşı, risklərin idarə olunması sahəsindəki qlobal standartları nəzərə alaraq müvafiq milli standart və metodologiyanı ərsəyə gətirməkdir.

Dövlət və özəl sektorda risklərin idarə olunması sahəsində iş təcrübəsi olan şəxslər İşçi Qrupuna ekspert qismində cəlb olunublar. Dövlət və özəl sektorda risklərin idarə olunması sahəsində iş təcrübəsi olan fərdi qiymətləndirici Mürsəl Mustafayevin rəhbərlik etdiyi işçi qrupun heyətinə yerli və xarici ixtisas şəhadətnamələrinə yiyələnmiş, aparıcı universietlərdə təhsil almış və beynəlxalq şirkətlərdə çalışmış nüfuzlu ekspertlər cəlb olunub.

Həyata keçirilən bu kompleks tədbirlər respublikamızda qiymətləndirmə fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasına, şəffaflığın artırılmasına və sahənin beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına hədəflənib.

Fotolar