AQP ehtiyatların qiymətləndirilməsi üzrə peşəkar təlim keçirib
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) “IVS 230 Ehtiyatlar” mövzusunda növbəti peşəkar təlimini reallaşdırıb. Təlimdə Palatanın üzvləri, qiymətləndiricilər və maliyyə mütəxəssisləri iştirak edib.
Proqramın əsas məqsədi mütəxəssislərin bu sahədəki bilik və praktiki vərdişlərini artırmaq olub. Təlimin nəzəri hissəsində Beynəlxalq Qiymətləndirmə Standartlarının (IVS) ehtiyatlara dair tələbləri, üç mərhələ üzrə qiymətləndirmə metodları və maliyyə hesabatlılığı standartları ilə olan fərqlər ətraflı izah olunub. Praktiki hissədə isə biznes birləşmələrində alınma qiymətinin bölüşdürülməsi (PPA) üçün hazırlanmış tam hesabat nümunəsi təhlil edilib.
Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov bildirib ki, ehtiyatların qiymətləndirilməsi təcrübədə ən çox metodoloji səhvlərə yol verilən sahələrdəndir: “Palata olaraq bu istiqamətdə metodiki bazanın genişləndirilməsini və mütəxəssislərin peşəkar hazırlığının artırılmasını prioritet hesab edirik və bu istiqamətdə tədbirlərimiz davam edəcək”.
Təlimin sonunda iştirakçılara metodiki tövsiyyələr təqdim olunub, qarşılıqlı və faydalı müzakirələr aparılıb.