Logo

AQP Milli Qiymətləndirmə Standartlarını hazırlayır - FOTOLAR

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) inzibati binasında qurumun Standartlaşma və metodologiya komissiyasının Risklərin qiymətləndirilməsi istiqaməti üzrə İşçi qrupunun heyəti ilə toplantı keçirilib. Görüş birbaşa Milli Qiymətləndirmə Standartlarının hazırlanması prosesinə həsr olunub.

Palatadan bildirilib ki, sözügedən sənədlərin tərtibi məqsədilə hər həftə müntəzəm təşkil edilən işçi toplantıda yerli normativlərin Beynəlxalq Qiymətləndirmə Standartlarına (IVS) inteqrasiyası, vahid sistemə gətirilməsi və metodoloji çərçivənin formallaşdırılması istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirələri giriş sözü ilə açan AQP sədri Nüsrət İbrahimov qurumun prioritet fəaliyyət istiqamətləri, peşəkar bazarda şəffaflığın bərqərar olunması və sahəvi meyar göstəricilərinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində reallaşdırılan tədbirləri diqqətə çatdırıb. O, ümumi standartların formalaşdırılmasının sahənin inkişafında keyfiyyətcə yeni mərhələ açacağını vurğulayıb.

Daha sonra AQP sədrinin müavini Ayan Qəmbərova, Rəyasət Heyətinin üzvü Zamin Hüseynov ,komissiyanın işçi qrupunun rəhbəri Mürsəl Mustafayev və Risklərin qiymətləndirilməsi istiqaməti üzrə İşçi qrupunun heyəti çıxış edərək hazırlanan layihəni praktiki baxımdan təhlil edib, sənədlərin tətbiq mexanizmlərinə dair konseptual təkliflərini təqdim ediblər.

Qeyd edək ki, AQP nəzdində fəaliyyət göstərən Standartlaşma və metodologiya komissiyası tərəfindən hər həftə təşkil olunan bu görüşlər Milli Qiymətləndirmə Standartlarının tam hazır vəziyyətə gətirilməsi və normativ baza kimi təsdiqə təqdim olunması məqsədi daşıyır.

Fotolar