Logo

AQP sədri ictimaiyyətə müraciət etdi: “Ucuz hesabatın baha qiyməti var”

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov qiymətləndirmə hesabatlarının keyfiyyəti, bazardakı qiymət rəqabəti və peşəyə olan etimad məsələləri ilə bağlı ictimaiyyətə müraciət edib.

Müraciətin əsas mesajı sadədir: qiymətləndirmə hesabatı sadəcə rəqəmlər toplusu deyil. Onun arxasında bank krediti, məhkəmə qərarı, dövlət kompensasiyası, şirkətin maliyyə hesabatı və bəzən milyonlarla manatlıq iqtisadi qərar dayanır.

Problem yalnız qiymətləndiricidə deyil

Nüsrət İbrahimovun diqqət çəkdiyi əsas məsələlərdən biri qiymətləndiricinin fəaliyyətinə yalnız onun biliyinin deyil, bazarın tələbinin də təsir etməsidir.

Əgər sifarişçi ilk növbədə ən ucuz və ən sürətli hesabatı axtarırsa, əvvəlcədən müəyyənləşdirilmiş rəqəmi təsdiqləyən sənəd tələb olunursa və hesabatı qəbul edən tərəf keyfiyyətli işlə zəif hazırlanmış hesabat arasında fərq qoymursa, peşəkar əməyə sərf olunan əlavə vaxt və əmək bazarda öz real dəyərini qazanmır. Belə şəraitdə qiymət rəqabəti tədricən keyfiyyət rəqabətini sıxışdırır.

Nəticədə qapalı dövrə yaranır: qiymət təzyiqi təhlilin dərinliyini azaldır, zəif təhlil etimadı aşağı salır, etimadın azalması isə peşənin nüfuzuna və xidmətin bazar dəyərinə təsir edir. Bu səbəbdən keyfiyyət probleminin bütün yükünü yalnız qiymətləndiricinin üzərinə qoymaq düzgün deyil. Keyfiyyətli qiymətləndirmə üçün düzgün sifariş, peşəkar icra, əsaslandırılmış qəbul meyarları və effektiv nəzarət mexanizmləri birlikdə formalaşmalıdır.

Palata yeni mərhələyə hazırlaşır

Müraciətdən görünür ki, AQP qiymətləndirmə bazarında keyfiyyətin yüksəldilməsini yalnız tövsiyələr və metodiki sənədlərlə məhdudlaşdırmaq niyyətində deyil. Bu istiqamətdə bir neçə əsas mexanizmin tətbiqi nəzərdə tutulur.

Birinci istiqamət peşəkar qiymətləndiricinin işini asanlaşdırmaqdır. Bunun üçün hesabat şablonları, hesablama modelləri, elektron baxış aktları, diskont dərəcələri və digər bazar göstəricilərinin dövri təqdim edilməsi kimi praktiki alətlərin hazırlanması planlaşdırılır.

İkinci istiqamət keyfiyyət monitorinqidir. Təsadüfi seçim əsasında hesabatların peşəkar baxışdan keçirilməsi, qiymətləndiricilərə fərdi rəy verilməsi və ən çox rast gəlinən səhvlər üzrə anonim icmalların hazırlanması nəzərdə tutulur.

Üçüncü istiqamət hesabatlardan istifadə edən qurumlarla əməkdaşlıqdır. Banklar, məhkəmələr və icra orqanları üçün hesabatların qəbulunda əsas diqqət yetirilməli məqamları əhatə edən qısa və praktik yoxlama vərəqlərinin hazırlanması təklif olunur.

Dördüncü istiqamət peşəkar müdafiədir. Standartlara əməl edən və fəaliyyətini lazımi qaydada sənədləşdirən qiymətləndiricilərin əsassız şikayət və mübahisələr zamanı peşəkar dəstək imkanlarının gücləndirilməsi nəzərdə tutulur.

Beşinci istiqamət nəticələrin ölçülməsidir. Hesabatların əsas peşə tələblərinə uyğunluq səviyyəsinin ölçülməsi və müəyyən müddətdən sonra eyni göstəricilər üzrə təkrar qiymətləndirmənin aparılması planlaşdırılır.

Standart yük deyil, qalxandır

Palata sədri həmkarlarına da müraciət edərək bildirir ki, bazarın reallıqları qiymətləndiricilər üçün asan deyil: müştəri daha ucuz, daha sürətli və bəzən də gözlədiyi nəticəni təqdim edən hesabat istəyir. Lakin məhz belə şəraitdə peşə standartlarına əməl etmək qiymətləndiricinin müdafiə mexanizminə çevrilir.

Hesabat mübahisələndiriləndə “hamı belə edir” arqumenti kifayət etmir. Qiymətləndiricini qoruyan əsas amillər işin düzgün sənədləşdirilməsi, istifadə olunan məlumatların əsaslandırılması və nəticəyə necə gəlinməsinin izlənilə bilməsidir.

Palata peşəkar həmkarlarını işçi qruplarına, metodiki müzakirələrə və ekspert fəaliyyətinə qoşulmağa, təklif və tənqidlərini bölüşməyə dəvət edir.

Sifarişçilərə əsas mesaj: hesabatı yalnız qiymətinə görə seçməyin

Aşağı qiymətli və ya sifarişçinin əvvəlcədən gözlədiyi rəqəmi göstərən hesabat son nəticədə daha böyük maliyyə və hüquqi risklər yarada bilər. Belə hesabat bank tərəfindən qəbul edilməyə, məhkəmədə əlavə ekspertizaya ehtiyac yarana, sövdələşmə pozula və ya digər maliyyə nəticələri ortaya çıxa bilər.

Xüsusilə girov dəyərinin əsassız şəkildə yüksək göstərilməsi borcalanı real ödəmə imkanlarını aşan öhdəliklərlə üz-üzə qoya bilər. Əmlakın dəyərinin əsassız şəkildə aşağı müəyyən edilməsi isə kompensasiya və digər maliyyə proseslərində itkilərə səbəb ola bilər.

Bu səbəbdən sifarişçi qiymətləndirici seçərkən bir neçə məsələyə diqqət yetirməlidir:

  • qiymətləndiricinin müvafiq səlahiyyəti və konkret obyekt növü üzrə şəhadətnaməsi;
  • müqayisə obyektlərinin mənbələri və tətbiq edilən düzəlişlərin əsaslandırılması;
  • tapşırığın əhatə dairəsi, müddəti və xidmət haqqının yazılı razılaşdırılması;
  • ehtimalların və məhdudiyyətlərin hesabatda açıq göstərilməsi;
  • qiymətləndirmənin məqsədi və tətbiq olunan dəyər bazası;
  • obyektə baxışın keçirilməsi.

Qiymətləndirmənin nəticəsi əvvəlcədən diktə edilməməlidir. Sual yarandıqda sifarişçi qiymətləndiricidən izahat tələb edə və zərurət yarandıqda Palataya müraciət edə bilər.

"Likvid dəyər", "real dəyər" kimi standartlaşdırılmamış ifadələrin istifadəsinə də diqqətlə yanaşmaq vacibdir.

Banklara və dövlət qurumlarına çağırış

Qiymətləndirmə hesabatlarını qəbul edən qurumların da bazarın keyfiyyətinə təsir edən mühüm rolu var.

Əgər banklar, məhkəmələr və dövlət qurumları əsas peşə tələblərinə cavab verməyən hesabatları seçici yanaşma ilə qəbul edir və zəruri hallarda geri qaytarırsa, bu, bazarın davranışına da təsir göstərir.

Bu məqsədlə Palata kredit təşkilatları, məhkəmə-hüquq sistemi və dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində hesabatların qəbulunda istifadə edilə biləcək qısa və praktik yoxlama mexanizmlərinin hazırlanmasını təklif edir.

Məlumatlara çıxış da keyfiyyət məsələsidir

Qiymətləndirmə bazarında digər mühüm problem məlumat çatışmazlığıdır.

Palatanın mövqeyinə görə, qiymətləndiricilərin faktiki həyata keçirilmiş əqdlərin qiymətləri barədə kifayət qədər məlumat əldə edə bilməməsi bəzi hallarda hesabatların elan qiymətlərinə əsaslanmasına gətirib çıxarır. Halbuki elan qiyməti ilə faktiki sövdələşmə qiyməti eyni göstərici deyil.

Bu səbəbdən Palata məlumat bazasının təkmilləşdirilməsi və qiymətləndiricilərin faktiki bazar məlumatlarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericiliyə təkliflər hazırladığını və bu təkliflərin müzakirəsinə açıq olduğunu bildirir.

Dairəni tərsinə fırlatmaq mümkündür

Azərbaycan Qiymətləndiricilər Palatasının sədrinin müraciətinin əsas xətti bir fikirdə cəmlənir: qiymətləndirmə bazarında keyfiyyət problemini yalnız qiymətləndiricinin üzərinə qoymaqla həll etmək mümkün deyil.

Bu, qiymətləndirici, sifarişçi, hesabatı qəbul edən qurumlar və Palata arasında ortaq məsuliyyət tələb edən prosesdir. Keyfiyyətli hesabat etimad yaradır. Etimad peşənin nüfuzunu gücləndirir. Nüfuz isə peşəkar əməyin layiqli qiymətləndirilməsi və daha yüksək keyfiyyət üçün zəmin yaradır.

Çünki qiymətləndirmə hesabatının əsl qiyməti onun hazırlanması zamanı ödənilən xidmət haqqı ilə ölçülmür. Onun həqiqi dəyəri həmin hesabat əsasında qəbul edilən qərarın nə qədər əsaslandırılmış və etibarlı olması ilə müəyyənləşir.

Başqa sözlə, ucuz hesabatın qiyməti yalnız bu gün ödənilən xidmət haqqı deyil. Bəzən onun əsas haqqı sonradan itirilmiş pul, artmış risk, əlavə ekspertiza, pozulmuş sövdələşmə və itirilmiş etimad formasında ödənilir.

Ucuz hesabat yoxdur. Sadəcə, qiyməti sonradan ödənilən hesabat var.

Fotolar