
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik nəticəsində yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılmasının icbari xarakter alması tikinti sektorunda keyfiyyət və şəffaflığın yüksəlməsi istiqamətində strateji əhəmiyyət kəsb edən mühüm addımdır. Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı bildirib.
Onun sözlərinə görə, enerji effektivliyi pasportu binanın istilik və izolyasiya göstəricilərini, enerji sərfiyyatını və ümumi səmərəliliyini əks etdirən rəsmi sənəddir və bu sənədin tətbiqi ilə binalarda enerji səmərəliliyi nəzərəçarpacaq dərəcədə artacaq:
“Bu isə öz növbəsində enerji sərfiyyatının azalmasına, karbon emissiyalarının minimuma endirilməsinə və şəhər mühitində hava keyfiyyətinin yaxşılaşmasına birbaşa təsir göstərəcək. Pasportlaşdırmanın tətbiqi habelə mənzil bazarında qiymət və tələb strukturunu dəyişdirəcək. Enerjiyə qənaət edən və dayanıqlı binalar alıcılar tərəfindən daha çox üstünlük qazanacaq və premium seqmentə çevriləcək. Alıcılar artıq mənzilləri yalnız sahəsinə və yerləşdiyi ünvana görə deyil, həm də enerji səmərəliliyinə görə qiymətləndirəcəklər. Bu isə köhnə və yeni tikililər arasında qiymət fərqinin artırılmasına, bazarda keyfiyyət yönümlü seqmentin formalaşmasına və müasir infrastrukturun dəyərinin yüksəlməsinə səbəb olacaq”.

Sədr müavini bildirib ki, tikinti şirkətləri üçün bu tələblər həm çağırış, həm də strateji imkanlar yaradır: “Müasir izolyasiya texnologiyaları, enerjiyə qənaətcil materiallar və smart-home həllərini tətbiq edən şirkətlər rəqabətdə üstün mövqe qazanacaq, brend dəyəri yüksələcək və investorların etimadını artıracaq. Uzunmüddətli perspektivdə bu yanaşma şirkətlərin kapitallaşmasını sürətləndirəcək, bazarda davamlı uğurlar əldə etmələrini təmin edəcək və Azərbaycan tikinti sektorunu keyfiyyətcə yeni mərhələyə çıxaracaq. Cəmiyyət üçün isə sosial və iqtisadi faydaları əhəmiyyətlidir. Enerji səmərəli binaların sayının artması nəticəsində ailələrin kommunal xərcləri orta hesabla 10-15 faiz azalacaq, bu isə birbaşa ailə büdcəsinə qənaət deməkdir. Eyni zamanda ölkənin enerji balansına olan yüklənmə yüngülləşəcək, ekoloji yük azalacaq, karbon izi minimuma endiriləcək və davamlı şəhər mühitinə dəstək veriləcək”.
G.İsmayılqızı əlavə edib ki, enerji effektivliyi pasportlaşdırmasının məcburi tətbiqi Azərbaycanın “yaşıl iqtisadiyyat” strategiyasına uyğun olaraq həm ekoloji, həm sosial, həm də iqtisadi üstünlüklər təmin edir:
“Bu, yalnız texniki və bazar yönümlü deyil, həm də dövlətin strateji məqsədlərinə xidmət edir. Əsas vəzifə bazar iştirakçılarının dövlət qurumlarının, tikinti şirkətlərinin və alıcıların bu yeni reallığa uyğunlaşması, prosesin şəffaf, mərhələli və peşəkar şəkildə həyata keçirilməsidir. Ümidvarıq ki, növbəti illərdə enerji səmərəli, dayanıqlı və yüksək keyfiyyətli binaların sayı əhəmiyyətli dərəcədə artacaq. Nəticədə Azərbaycan tikinti sektorunu həm yerli, həm də beynəlxalq səviyyədə yeni mərhələyə çıxaracaq, ölkəmizi davamlı inkişaf və yaşıl iqtisadiyyat istiqamətində nümunəvi ölkələr sırasında ön sıraya gətirəcək”.