Qiymətləndirmə fəaliyyətində etik prinsiplər və etimad amili

Paytaxtın mərkəzində yerləşən ofisdə başlayan söhbət ilk baxışdan klassik müsahibə təsiri bağışlasa da, qısa müddət sonra aydın olur ki, burada müzakirə olunan mövzular peşə etikası çərçivəsini aşır. Dialoq dərinləşdikcə söhbət yalnız qiymətləndirmə fəaliyyətindən yox, insanın seçim anında necə davranması, prinsip və maraq arasında hansı tərəfi seçməsi və bazar münasibətlərinin görünməyən mexanizmlərinə qədər genişlənir.
Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimovla müsahibədə bir çox vacib mətləblərə aydınlıq gətirdik.
– Cəmiyyətdə belə bir fikir kifayət qədər yayılıb: bəzi hallarda qiymətləndiricilər sifarişçinin gözləntilərinə uyğun rəqəm təqdim edir. Bu iddialar nə dərəcədə həqiqəti əks etdirir?
– Bu yanaşmanı tam əsassız adlandırmaq doğru olmazdı. Bəli, belə hallarla qarşılaşmaq mümkündür və bunu inkar etmək düzgün deyil. Amma eyni zamanda o da vacibdir ki, ayrı-ayrı halları bütöv sahənin ümumi portreti kimi təqdim etməyək. Çünki sistem yalnız fərdi davranışlardan ibarət deyil. Burada həm institusional mexanizmlər, həm də fərdi məsuliyyət paralel işləyir. Əsas məsələ budur: qiymətləndirici hansı prinsipə söykənir və sistem onu nə dərəcədə doğru istiqamətləndirir?
– Konkretləşdirək: sizə elə hallar məlumdurmu ki, qiymətləndirmə nəticəsi sifarişçinin marağına uyğunlaşdırılıb?
– Belə hallar barədə həm siqnallar daxil olur, həm də müəyyən yoxlamalar zamanı uyğunsuzluqlar aşkarlanır. Bu, təkcə bizim bazara xas deyil, digərlər ölkələrdə mövcud olan riskdir. Lakin fərq ondadır ki, bu hallara necə reaksiya verilir. Əgər sistem buna göz yumursa, bu artıq problemdir. Əgər aşkar edib müdaxilə edirsə, bu, şəffaflıq və sağlamlaşma prosesidir.
– Deməli, yenə də məsələnin mərkəzində insan faktoru dayanır və nə qədər bu amil var, ciddi dəyişikliklər mümkün deyil?
– İstənilən qaydalar yalnız o zaman işləyir ki, onu tətbiq edən şəxs daxilən həmin prinsipi qəbul edir. Bu baxımdan mən tez-tez Immanuel Kantın yanaşmasına istinad edirəm. O deyirdi ki, insan düzgün davranışı ona görə etməməlidir ki, buna nəzarət var və ya nəticə ona sərfəlidir. O bunu ona görə etməlidir ki, bu, onun mənəvi borcudur. Bu düşüncə yoxdursa, ən sərt nəzarət mexanizmi belə məhdud effekt verir.
– Amma real bazar mühiti bu qədər “təmiz” işləmir. Bank maraqları, sifarişçi təzyiqləri var. Bu şəraitdə “borc” anlayışı praktik olaraq nə qədər davamlıdır?
– Əslində etik prinsiplərin real dəyəri məhz belə şəraitdə ortaya çıxır. Rahat mühitdə qaydalara əməl etmək çətin deyil. Ancaq seçim çətinləşəndə, risklər artanda, təzyiqlər hiss olunanda mütəxəssisin peşəkarlığı üzə çıxır. Bu baxımdan etik davranış lüks deyil, peşənin mövcudluq şərtidir. Əgər bu prinsip pozulursa, artıq qiymətləndirmə fəaliyyəti deyil, nəticələrin uyğunlaşdırılması prosesi başlayır.
– Açıq deyək: qiymətləndirici sifarişçinin “alətinə” çevrilə bilərmi?
– Təəssüf ki, belə risk var. Və bu baş verəndə problem təkcə bir mütəxəssislə məhdudlaşmır. Bu, bütövlükdə bazarın etibarlılığına zərbə vurur. Etimad itəndə isə maliyyə sistemində zəncirvari təsirlər yaranır. Yanlış qərarlar, səhv kreditlər, şişirdilmiş aktivlər və s.. Bu, artıq iqtisadi təhlükədir.
– Bu kontekstdə müstəqillik nə dərəcədə qorunur? Real vəziyyət sizi qane edirmi?
– İdeal vəziyyət yoxdur və bunu demək də düzgün olmazdı. Amma dinamika müsbətdir. Son illərdə həm nəzarət mexanizmləri güclənib, həm də peşəkar məsuliyyət hissi artıb. Keyfiyyət yoxlamaları intensivləşib və konkret hallara reaksiya verilir. Bu, vacibdir. Amma yenə də əsas məsuliyyət fərdin üzərində qalır.
– Yəni nəticə etibarilə məsələ yenə də insanın daxili prinsipiallığına qayıdır?
– Bəli. Əgər insan öz fəaliyyətini elə qurursa ki, onun davranışı ümumi qaydaya çevrilə bilər, onda sistem işləyir. Əks halda, ən mükəmməl qanunvericilik belə formal xarakter daşıyır. Kağız üzərində qalır.
– Bu halda belə çıxır ki, qiymətləndirici yalnız texniki mütəxəssis deyil?
– Tamamilə. Qiymətləndirici yalnız hesabat yazan şəxs deyil. O, iqtisadi qərarların formalaşmasına təsir edir. Bank kredit verir, investor qərar qəbul edir, dövlət siyasət qurur və bütün bunların arxasında qiymətləndirmə dayanır. Ona görə də bu peşədə etik davranış təkcə fərdi məsələ deyil, ictimai məsuliyyətdir.
– Son olaraq bir sual: əgər bir qiymətləndirici təzyiq ilə prinsip arasında seçim qarşısında qalırsa, hansı yolu seçməlidir?
– Əgər o, qısa yolu seçirsə, bəlkə bir dəfə qazanacaq. Amma uzun yolu seçən, yəni prinsipə sadiq qalan həm öz peşəsini, həm də bazarın etimadını qoruyur və sonda hər şey məhz buna dayanır: bu sahədə ən bahalı kapital pul deyil, etimaddır.