Logo

Əmlak Xidməti, AQP və ABMA arasında görüş keçirilib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Qiymətləndiricilər Palatası və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında üçtərəfli işgüzar görüş keçirilib.

Görüşdə Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazov, Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov, Assosiasiyanın rəsmisi Adil Əhmədov, eləcə də adıçəkilən qurumların məsul şəxsləri iştirak ediblər.

Bələdiyyə torpaqlarının qiymətləndirilməsi mövzusuna həsr olunmuş müzakirələr zamanı tərəflər məsələni müxtəlif aspektlərdən dəyərləndiriblər. Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazov tərəfindən bələdiyyə torpaqlarına münasibətdə güzəştlərin tətbiqini tənzimləyəcək normativ-hüquqi bazanın hazırlanmasının vacibliyi vurğulanıb. Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov isə torpaq sahələrinin qiymətləndirilməsində bazar dəyərinin əsas meyar kimi qəbul edilməsinin zəruriliyini qeyd edib.

Öz növbəsində, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası bələdiyyələrin maliyyə dayanıqlığının gücləndirilməsi və yerli özünüidarəetmənin inkişafı baxımından torpaqlara güzəştlərin tətbiqinin əhəmiyyətini önə çəkib.

Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, normativ bazanın təkmilləşdirilməsi və vahid yanaşmanın formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb, gələcək addımlar üzrə ilkin razılıq əldə olunub.

Fotolar