Logo

“IVSC 2025” standartlarının Azərbaycan dilinə tərcüməsi yekunlaşıb

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) “Standartlar və normativlər” İşçi komissiyasının növbəti yığıncağı keçirilib.

Palatadan verilən məlumata görə, tədbirdə sahəvi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və qarşıda duran strateji hədəflər müzakirə olunub. Toplantıda giriş nitqi söyləyən AQP sədri Nüsrət İbrahimov qurumun son dövrlərdə həyata keçirdiyi layihələr və normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib.

Sədr öz çıxışında qlobal qiymətləndirmə tendensiyalarına uyğunlaşma prosesinin vacibliyini xüsusi vurğulayaraq, bu istiqamətdə ən böyük nailiyyətlərdən biri olan “IVSC 2025” Beynəlxalq Qiymətləndirmə Standartlarının Azərbaycan dilinə tərcüməsi prosesinin yekunlaşdığını bildirib. Bu fundamental sənədin yerli dillə istifadəyə verilməsinin yerli mütəxəssislərin beynəlxalq metodologiyalara çıxışını asanlaşdıracağını və bazarda vahid yanaşmanın formalaşmasına birbaşa töhfə verəcəyini qeyd edib.

Palata rəhbəri eyni zamanda milli tənzimləmə alətlərinin yaradılması zərurətinə toxunaraq, daxili bazarın spesifik xüsusiyyətlərini əks etdirən standartların hazırlanmasının fəaliyyət planında prioritet təşkil etdiyini bildirib. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş doqquz əsas qiymətləndirmə istiqamətinin hüquqi fəaliyyət rejiminin təmin edilməsi üçün yerli normaların işlənib hazırlanması labüddür.

Nüsrət İbrahimov diqqətə çatdırıb ki, bu istiqamətlərin bir qisminin effektiv tənzimlənməsi məhz Milli Qiymətləndirmə Standartlarının mövcudluğundan birbaşa asılıdır. Mövcud boşluqların aradan qaldırılması və vahid hüquqi-metodoloji çərçivənin qurulması məqsədilə Palata tərəfindən artıq müvafiq dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb.

Birgə əməkdaşlıq platformasının yaradılması fonunda Azərbaycan Qiymətləndiricilər Palatası yaxın gələcəkdə Milli Qiymətləndirmə Standartlarının tərtibi, ekspertizası və tətbiqi ilə bağlı fəaliyyətə başlayacaq. İşçi Qrupunun üzvləri qeyd olunan istiqamətlər ətrafında təəssüratlarını bölüşüb, təkliflərini irəli sürüblər.

Fotolar