AQP nümayəndə heyətinin Qazaxıstan səfəri başa çatıb

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstan Respublikasına rəsmi səfəri başa çatıb.
AQP-dən verilən məlumata görə, nümayəndə heyəti Qazaxıstanda qiymətləndirmə fəaliyyətinin 30 illiyinə həsr olunmuş Qiymətləndiricilərin II Milli Konqresində iştirak edib. Səfər çərçivəsində Palata sədri Nüsrət İbrahimov, sədr müavini Ayan Qəmbərova və digər üzvlər tərəfindən Azərbaycanın qiymətləndirmə sahəsindəki təcrübəsi beynəlxalq müstəvidə təqdim olunub.
Konqresdə rəsmi qonaq qismində çıxış edən AQP sədri Nüsrət İbrahimov geniş məruzə ilə çıxış edib. Sədrin “Əmlak İndeksi: hesablama metodologiyası və təhlili”, “ESG faktorlarının AQP İndeksinə daxil edilməsi” və “Genişləndirilmiş ESG çərçivəsində qiymətləndirmə xüsusiyyətləri” mövzularındakı təqdimatlar edib.
N.İbrahimov çıxışında ölkəmizdə tətbiq olunan müasir yanaşmalar, bazar indekslərinin formalaşma prinsipləri və daşınmaz əmlak sektorunun iqtisadiyyatdakı strateji rolu barədə ətraflı məlumat verib. O, qlobal tendensiyalara uyğun olaraq ESG (ekoloji, sosial və idarəetmə) prinsiplərinin qiymətləndirmə prosesinə inteqrasiyasının zəruriliyini vurğulayıb və AQP tərəfindən hazırlanmış Əmlak İndeksinin beynəlxalq standartlara tam uyğunluğunu diqqətə çatdırıb.
Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Gürcüstan qiymətləndirmə birliklərinin rəhbərləri, Avrasiya İqtisadi Komissiyasının təmsilçiləri və Qazaxıstan rəsmiləri ilə AQP rəhbərliyi arasında görüşlər keçirilib. Görüşlərdə qiymətləndirmə standartlarının təkmilləşdirilməsi, qanunvericilik bazasının optimallaşdırılması, beynəlxalq hesabatlılıq və birgə tədbirlərin təşkili ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.
Xüsusilə, Azərbaycanın qiymətləndirmə sektorunda tətbiq etdiyi rəqəmsal innovasiyalar və QR-kod sistemi xarici mütəxəssislərin ciddi marağına səbəb olub. Qazaxıstanın peşəkar qiymətləndiriciləri bu sistemin öz ölkələrində də tətbiq edilməsində maraqlı olduqlarını ifadə ediblər.
Əldə olunmuş ümumi razılığa əsasən, AQP mütəxəssislərinin yaxından iştirakı və məsləhətçi dəstəyi ilə sözügedən rəqəmsal sistemin Qazaxıstanda da tətbiqi prosesinə başlanılması qərara alınıb.
Səfər Azərbaycanın qiymətləndirmə sahəsində regional liderliyini və beynəlxalq inteqrasiya imkanlarını bir daha nümayiş etdirib.