AQP-də qanuna dəyişikliklərlə bağlı ictimai müzakirə olunub
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) inzibati binasında “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan dəyişikliklərlə bağlı ictimai müzakirə keçirilib. Tədbirdə Palatanın rəhbərliyi, üzvləri və qiymətləndirmə sektorunda fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
AQP sədri Nüsrət İbrahimov çıxışında bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən Palata “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə bağlı təşəbbüs irəli sürmək səlahiyyətinə malikdir. Onun sözlərinə görə, qiymətləndirmə sektorunun inkişafı, fəaliyyətin daha səmərəli təşkili və mövcud normativ bazanın müasir tələblərə uyğunlaşdırılması məqsədilə Palata tərəfindən müvafiq dəyişikliklər paketi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Sədr qeyd edib ki, qanun layihəsinin hüquqi baxımdan daha peşəkar şəkildə hazırlanması və normativ-hüquqi sənəd kimi formalaşdırılması məqsədilə Azərbaycan Qiymətləndiricilər Palatası ilə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi publik hüquqi şəxsi arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Palata tərəfindən hazırlanmış dəyişiklik təklifləri müvafiq hüquqi ekspertizadan keçiriləcək, qanunvericiliyin tələblərinə uyğun şəkildə sistemləşdiriləcək və normativ hüquqi akt layihəsi kimi yekunlaşdırılacaq.
Daha sonra AQP sədrinin müavini Günay İsmayılqızı qanun layihəsinə təklif olunan dəyişikliklərin əsas istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, nəzərdə tutulan dəyişikliklər qiymətləndirmə fəaliyyətinin institusional əsaslarının gücləndirilməsinə, peşəkar standartların daha da təkmilləşdirilməsinə və sektorda fəaliyyət göstərən qiymətləndiricilər üçün yeni imkanların yaradılmasına xidmət edir. Onun sözlərinə görə, bu dəyişikliklər həm də beynəlxalq təcrübənin və müasir tələblərin nəzərə alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Qanun layihəsi üzrə müzakirələr qarşılıqlı diskussiya formatında davam edib. Palatanın üzvləri və tədbir iştirakçıları təqdim olunan dəyişikliklərlə bağlı rəy və təkliflərini səsləndirib, sektorda mövcud problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, səsləndirilən təkliflər ümumiləşdirilərək qanun layihəsinin təkmilləşdirilməsi prosesində nəzərə alınacaq.
Qeyd olunub ki, belə müzakirələrin təşkili qiymətləndirmə sektorunda institusional inkişafın təmin olunması, peşəkar mühitdə açıq dialoqun formalaşdırılması və qanunvericilik təşəbbüslərinin daha səmərəli hazırlanması baxımından xüsusi əhəmiyyət kəsb edir.