Logo

AQP-də qeyri-maliyyə öhdəliklərinə həsr olunan təlim keçirilib

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) inzibati binasında “Beynəlxalq Qiymətləndirmə Standartları (IVS 220) qeyri-maliyyə öhdəliklərinin qiymətləndirilməsi” mövzusunda peşəkar təlim keçirilib.

Palatadan verilən məlumata görə, tədbirdə kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi istiqaməti üzrə fəaliyyət göstərən 30-a yaxın qiymətləndirici mütəxəssis iştirak edib.

Təlim çərçivəsində maliyyə hesabatlarının beynəlxalq standartlarına inteqrasiya, debitor və kreditor borcların real bazar dəyərinin müəyyən edilməsində risk amillərinin və zaman faktorunun təsiri geniş şəkildə təhlil olunub. Müəssisələrin aktiv və öhdəliklərinin idarə olunmasında şəffaflığın artırılması, material ehtiyatlarının qiymətləndirilməsində tətbiq edilən müasir metodologiyalar ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov bu spesifik istiqamətin ölkə iqtisadiyyatı və qiymətləndirmə bazarı üçün daşıdığı strateji əhəmiyyəti xüsusi vurğulayıb. Sədr bildirib ki, qeyri-maliyyə öhdəliklərinin, o cümlədən debitor və kreditor borcların düzgün qiymətləndirilməsi təkcə şirkətlərin daxili maliyyə sağlamlığı üçün deyil, həm də ölkənin investisiya mühitinin cəlbediciliyi baxımından mühüm amildir.

Onun sözlərinə görə, material ehtiyatlarının və digər aktivlərin real bazar şərtlərinə uyğun qiymətləndirilməsi müəssisələrin balans hesabatlarının şəffaflığını təmin edir və risklərin effektiv idarə olunmasına zəmin yaradır. N.İbrahimov qeyd edib ki, Beynəlxalq Qiymətləndirmə Standartlarının, xüsusən də IVS 220 sənədinin tələblərinin yerli mütəxəssislər tərəfindən dərindən mənimsənilməsi Azərbaycanın qiymətləndirmə sektorunun qlobal standartlara inteqrasiyasını sürətləndirir.

Palata rəhbəri bu növ təlimlərin mütəxəssislərin peşəkarlıq səviyyəsini artırmaqla yanaşı, bazarda göstərilən xidmətlərin keyfiyyətini və tərəfdaşların yerli qiymətləndiricilərə olan inamını yeni mərhələyə daşıyacağını diqqətə çatdırıb.

Fotolar