AQP-də qiymətləndirici təşkilatların rəhbərləri ilə geniş toplantı keçirilib

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov ölkədə fəaliyyət göstərən qiymətləndirici təşkilatların rəhbərləri ilə geniştərkibli görüş keçirib. Görüşün əsas məqsədi Palatanın fəaliyyəti, yeni təşəbbüslər və qarşıdakı strateji hədəflər barədə sektoru məlumatlandırmaq, eləcə də qiymətləndirmə sahəsində institusional inkişaf perspektivlərini müzakirə etmək olub.

AQP sədri toplantı iştirakçılarına Palatanın son dövrdə həyata keçirdiyi tədbirlər, həyata keçirmə mərhələsində olan layihələr və planlaşdırılan fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, AQP maliyyə təsisatları, kommersiya bankları, dövlət qurumları və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir. Bu dialoqların əsas hədəfi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin və əlaqəli normativ-hüquqi sənədlərin təbliği, habelə sektorda səmərəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır.

Nüsrət İbrahimov vurğulayıb ki, ölkədə qiymətləndirmə sektorunun davamlı inkişafı və rəqabətliliyinin artırılması prioritet olaraq müəyyən edilib. Bu xüsusda rəqəmsal keçidin sürətləndirilməsi Palatanın qarşıya qoyduğu əsas strateji istiqamətlərdən biridir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun şəkildə, qiymətləndirmə fəaliyyətinin müasir texnoloji tələblərə inteqrasiyası üzrə işlər intensivləşdirilir. Təhsil Akademiyası ilə bağlı bütün qiymətləndirmə istiqamətlərinə dair təlim proqramlarının yaxın günlərdə zamanlarda işə düşəcəyi qeyd edilib.

Bununla yanaşı, Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (International Valuation Standards Council, IVSC) qəbul etdiyi yeni standartların tətbiqi AQP tərəfindən prioritet kimi müəyyən olunub və yerli qiymətləndiricilərin bu istiqamətdə bilik və bacarıqlarının artırılması üçün kompleks tədbirlər görülür. N.İbrahimov həmçinin İntizam Komissiyasına keyfiyyətə nəzarət sisteminin gücləndirməsi və müvafiq monitorinqlər aparılması ilə bağlı tövsiyyələrini diqqətə çatdırıb.

AQP rəhbəri qiymətləndirici təşkilatlarla bu formatda görüşlərin dövri olaraq keçiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu platforma sektorun problemlərinin operativ müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması və Palatanın qərarları ilə bağlı məlumatlılığın artırılması baxımından mühüm rol oynayacaq. Sədr bu yanaşmanın qısa müddətdə ölçülə bilən nəticələr verəcəyinə əminliyini ifadə edib. Görüşdə AQP sədr müavinləri Günay İsmayılqızı və Ayan Qəmbərova, eləcə də Palatanın İntizam Komissiyasının sədri Nahid Həsənov məsul olduqları fəaliyyət sahələri üzrə aktual məsələləri, prioritetləri və planlaşdırılan yanaşmaları təqdim ediblər.

Tədbir qiymətləndirici təşkilatların rəhbərlərinin təkliflərinin dinlənilməsi, mövcud problemlərin müzakirəsi və praktiki fəaliyyətlə bağlı qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Görüş konstruktiv dialoq şəraitində yekunlaşıb.