AQP daha bir ölkə ilə əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) qiymətləndirmə sahəsində beynəlxalq əlaqələrini genişləndirmək istiqamətində daha bir mühüm addım ataraq Özbəkistan Qiymətləndiricilər Cəmiyyəti ilə Anlaşma Memorandumu imzalayıb. İqtisadiyyat.az Palataya istinadən xəbər verir ki, sənəd iki qurum arasında institusional inkişaf, peşəkar hazırlıq və metodoloji yanaşmaların uyğunlaşdırılması istiqamətində əməkdaşlıq mexanizmlərini müəyyənləşdirir.

AQP sədrinin müavini Ayan Qəmbərovanın sözlərinə görə, əldə olunmuş razılaşma regionda qiymətləndirmə fəaliyyətinin standartlaşdırılmasına, bilik və təcrübə mübadiləsinin yeni mərhələyə keçməsinə şərait yaradacaq. O vurğulayıb ki, tərəflər məlumat mübadiləsi platformalarının qurulması, birgə metodoloji sənədlərin hazırlanması, ixtisasartırma proqramları və sertifikasiya mexanizmlərinin yenilənməsi kimi istiqamətlər üzrə koordinasiyalı fəaliyyət göstərəcəklər.

AQP rəsmisi qeyd edib ki, tərəfdaşlıq yalnız peşəkar mühitdə əməkdaşlığın gücləndirilməsi ilə məhdudlaşmır, həm də region ölkələrində qiymətləndirmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və daha şəffaf institusional mühitin formalaşmasına töhfə vermək məqsədi daşıyır. Onun fikrincə, qarşılıqlı səfərlər, elmi diskussiyalar və birgə layihələr sektorun dayanıqlı inkişafını təmin edən amillərdən biri olacaq.

Memorandumun icrası çərçivəsində yaxın vaxtlarda birgə işçi qruplarının yaradılması, mövzu üzrə görüşlərin təşkili, həmçinin regional seminar və konfransların keçirilməsi nəzərdə tutulur. AQP bildirir ki, qurum beynəlxalq tərəfdaşlıq xəttini genişləndirməyə və qiymətləndirmə institutlarının modernləşdirilməsi üçün yeni təşəbbüsləri irəli sürməyə davam edəcək.

Xatırladaq ki, Palata daha əvvəl Qazaxıstan Milli Qiymətləndirmə Palatası və Gürcüstan Müstəqil Qiymətləndiricilər Cəmiyyəti ilə də oxşar əməkdaşlıq sənədləri imzalayıb.

Fotolar