Logo

AQP Ekspertlər Şurası təsis olunub - FOTOLAR

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Ekspertlər Şurasının təsis yığıncağı keçirilib. Tədbirdə çıxış edən AQP sədri Nüsrət İbrahimov bildirib ki, Ekspertlər Şurası Palatanın Ekspertiza Şurasının bazasında yaradılıb. Yeni strukturun yaradılmasında məqsəd ekspertiza fəaliyyətinin institusional əsaslarını gücləndirmək, fəaliyyət istiqamətlərini genişləndirmək və qiymətləndirmə sahəsində peşə standartlarının tətbiqini daha da təkmilləşdirməkdir. Qeyd olunub ki, əvvəlki Ekspertiza Şurası üç üzvdən ibarət olduğu halda, yeni yaradılan Ekspertlər Şurasında üzvlərin sayı doqquza çatdırılıb. Bu dəyişiklik qiymətləndirmənin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış mütəxəssislərin prosesə daha geniş şəkildə cəlb edilməsinə və ekspertiza fəaliyyətinin əhatə dairəsinin genişlənməsinə imkan verir. Nüsrət İbrahimov vurğulayıb ki, Şuranın üzvləri yüksək peşə hazırlığına, müvafiq ixtisasa və praktiki təcrübəyə malik Palata üzvləri arasından seçilib. Ekspertlər Şurası qiymətləndirmə hesabatlarının peşə standartlarına, qüvvədə olan qanunvericiliyin tələblərinə və beynəlxalq qiymətləndirmə standartlarına uyğunluğunu araşdıracaq, müstəqil ekspert rəyləri hazırlayacaq, həmçinin qiymətləndirmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərəcək. Tədbirdə bildirilib ki, Ekspertlər Şurasının yaradılması Azərbaycanda qiymətləndirmə fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun inkişaf etdirilməsi, peşəkar özünütənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və ekspertiza institutunun daha da inkişafı məqsədi daşıyır. Təsis yığıncağında Şura üzvlərinin yekdil qərarı ilə Rövşən Babaxanov Ekspertlər Şurasının sədri seçilib. Yeni tərkibdə fəaliyyətə başlayan Ekspertlər Şurası qiymətləndirmə sahəsində peşə standartlarının tətbiqinin genişləndirilməsi, ekspertiza fəaliyyətinin təkmilləşdirilməsi və müstəqil qiymətləndirmə institutunun inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.

Fotolar