AQP fəaliyyətini qlobal maliyyə standartlarına uyğunlaşdırır
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) inzibati binasında qiymətləndirici təşkilat rəhbərlərinin iştirakı ilə maliyyə aktivlərinin qiymətləndirilməsi metodologiyası mövzusuna həsr olunmuş işgüzar görüş keçirilib.
Palatadan verilən məlumata görə, qiymətləndirmə sektorunun aparıcı nümayəndələrini bir araya gətirən tədbirdə sahənin qlobal çağırışlara adaptasiyası, institusional inkişaf perspektivləri və şəffaflıq meyarlarının yüksəldilməsi ətrafında səmərəli müzakirələr aparılıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən AQP sədri Nüsrət İbrahimov rəhbərlik etdiyi qurumun strateji hədəfləri barədə ətraflı məlumat verib. Sədr daxili bazarın peşəkarlıq səviyyəsinin artırılması məqsədilə yaxın günlərdə ölkənin nüfuzlu konsaltinq şirkətlərindən biri ilə strateji tərəfdaşlıq müqaviləsinin imzalanacağını diqqətə çatdırıb. Bu tərəfdaşlıq çərçivəsində beynəlxalq dərəcəli mütəxəssislər və təlimçilər tərəfindən yerli qiymətləndiricilər üçün xüsusi ixtisaslaşdırılmış proqramların təşkili nəzərdə tutulur. Kursların əsas istiqaməti qiymətləndirmə fəaliyyətində Beynəlxalq Maliyyə Standartlarının (IFRS) praktiki tətbiqi mexanizmlərinin mənimsənilməsindən ibarət olacaq.
Müasir qlobal iqtisadiyyatda maliyyə hesabatlılığının vahid dilini formalaşdıran beynəlxalq standartların tətbiqi qiymətləndirmə institutunun nüfuzunun artırılmasında həlledici rol oynayır. Bu standartların dərindən mənimsənilməsi yerli mütəxəssislərin hazırladığı hesabatların xarici investorlar və beynəlxalq audit institutları tərəfindən birmənalı qəbul edilməsini təmin edir. Şirkətlərin real bazar dəyərinin müəyyənləşdirilməsi, risklərin düzgün idarə olunması və kapital axınının effektiv tənzimlənməsi birbaşa beynəlxalq standartların prinsiplərinə əsaslanır.