Logo

AQP Hüquq və etika komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) inzibati binasında qurumun Hüquq və etika komissiyasının növbəti iclası baş tutub.

Palatadan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AQP sədri Nüsrət İbrahimov palatanın fəaliyyət istiqamətləri, peşəkar qiymətləndirmə bazarında şəffaflığın təmin olunması və sahəvi standartların yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edib. Palata rəhbəri öz çıxışında qiymətləndiricilərin fəaliyyətində etik-davranış kodekslərinə riayət olunmasının müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sədr bildirib ki, bazarda sağlam rəqabət mühitinin formalaşması, sifarişçilərlə münasibətlərin dürüstlük və qərəzsizlik prinsipləri əsasında qurulması birbaşa hər bir mütəxəssisin etik normativlərə ciddi şəkildə əməl etməsindən asılıdır.

Müzakirələr çərçivəsində mövcud normativ-hüquqi bazanın tələbləri, beynəlxalq təcrübə və yerli bazarın spesifik xüsusiyyətləri ətraflı müzakirə olunub. Konstruktiv şəraitdə keçən iclasda komissiya üzvləri etik qaydaların praktiki tətbiqi, pozuntu hallarının qarşısının alınması mexanizmləri və monitorinq sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər. Çıxış edənlər qiymətləndirmə fəaliyyətinin ictimai etimad üzərində qurulduğunu qeyd edərək, peşə nüfuzunun qorunması üçün daha sərt və dəqiq kriteriyaların müəyyənləşdirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Yekunda komissiya müvafiq qərarlar qəbul olunub. Qərara gəlinib ki, səsləndirilən təklif və iradlar nəzərə alınmaqla etik davranış kodeksinin layihəsi ilin sonunadək daha da mükəmməlləşdirilsin və tam konseptual sənənd halına gətirilsin. Yenilənmiş və əhatəli sənədin 2026-cı ilin sonunda keçirilməsi planlaşdırılan Azərbaycan Qiymətləndiricilər Palatasının ümumi yığıncağının müzakirəsinə və təsdiqinə təqdim edilməsi yekdil olaraq razılaşdırılıb.

Fotolar