Logo

AQP İntizam Komissiyasının növbəti iclası keçirilib

AQP İntizam Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) İntizam Komissiyasının növbəti iclası keçirilib. Toplantıda qiymətləndirmə sektorunda peşəkar fəaliyyətin tənzimlənməsi, etik davranış normalarına nəzarət və intizam mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Giriş nitqi söyləyən İntizam Komissiyasının sədri Nahid Həsənov komissiyanın cari fəaliyyəti, həyata keçirilən tədbirlər və qarşıda duran strateji prioritetlər barədə ətraflı məlumat verib. Sədr qeyd edib ki, komissiyanın əsas fəaliyyəti qiymətləndirmə bazarında şəffaflığın gücləndirilməsi, peşəkar standartlara riayət olunmasına nəzarət və daxil olan müraciətlərin obyektiv, qərəzsiz şəkildə araşdırılmasına yönəlib.

N. Həsənov vurğulayıb ki, komissiyanın başlıca məqsədi cəza tətbiq etmək deyil, sektorda sağlam rəqabət mühitinin formalaşdırılması, etik prinsiplərin qorunması və peşəkar məsuliyyətin artırılmasıdır. Onun sözlərinə görə, daxil olan hər bir müraciət və şikayət çoxşaxəli təhlil olunur, araşdırma nəticələri isə müvafiq qərarın qəbul edilməsi üçün Palatanın Rəyasət Heyətinə təqdim edilir.

İclas çərçivəsində komissiya üzvləri qiymətləndirmə fəaliyyətinin mövcud vəziyyəti, beynəlxalq və milli standartlara uyğunluq səviyyəsi, eləcə də intizam qaydalarının effektivliyinin artırılması istiqamətində geniş fikir mübadiləsi aparıblar. Xüsusilə vurğulanıb ki, qiymətləndiricilərin fəaliyyətində dürüstlük, şəffaflıq, müstəqillik və peşəkar məsuliyyət prinsipləri prioritet təşkil etməlidir.

Bununla yanaşı, daxil olan müraciətlərin araşdırılması mexanizmlərinin optimallaşdırılması, preventiv nəzarət tədbirlərinin gücləndirilməsi, intizam praktikasının vahid yanaşma əsasında formalaşdırılması və qarşıdakı dövr üçün fəaliyyət planının icra qrafikinin təsdiqlənməsi ilə bağlı mühüm qərarlar qəbul edilib.

Fotolar