Logo

AQP-nin nümayəndə heyəti Qazaxıstana səfər edəcək

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimovun rəhbərliyi ilə Palatanın nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edəcək.

Səfər çərçivəsində AQP nümayəndə heyəti Qazaxıstan Qiymətləndiricilərinin II Milli Konqresində iştirak edəcək. Konqres Qazaxıstanda qiymətləndirmə fəaliyyətinin 30 illiyinə həsr olunmaqla bu sahədə beynəlxalq təcrübə mübadiləsi, müasir yanaşmaların müzakirəsi və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma hesab olunur.

Tədbirdə çıxış edəcək AQP sədri Nüsrət İbrahimov bir sıra aktual və innovativ mövzulara toxunacaq. Onun məruzələri sırasında “Əmlak İndeksi: hesablama metodologiyası və təhlili”, “ESG faktorlarının AQP İndeksinə daxil edilməsi” və “Genişləndirilmiş ESG çərçivəsi çərçivəsində qiymətləndirmə xüsusiyyətləri” kimi mövzular yer alır.

Bu təqdimatlarda daşınmaz əmlak bazarının ölçülməsi, dayanıqlı inkişaf meyarlarının qiymətləndirmə prosesinə inteqrasiyası və beynəlxalq standartlara uyğun metodoloji yanaşmalar ətraflı şəkildə təqdim olunacaq.

Qeyd edək ki, ESG (ekoloji, sosial və idarəetmə) prinsiplərinin qiymətləndirmə fəaliyyətinə tətbiqi son illər qlobal miqyasda prioritet istiqamətlərdən birinə çevrilib. AQP-nin bu istiqamətdə hazırladığı indeks və metodoloji yanaşmalar region ölkələri üçün də maraq doğurur.

Səfər əsnasında həmçinin Azərbaycan və Qazaxıstanın qiymətləndirmə qurumları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Bu səfər AQP-nin beynəlxalq əlaqələrinin gücləndirilməsi və Azərbaycanın qiymətləndirmə sektorunun qlobal səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Fotolar