Logo

AQP rəhbərliyi beynəlxalq konfransda iştirak edəcək

Moskvada “Rəqəmsal biznes ekosisteminə keçid” mövzusunda keçiriləcək beynəlxalq konfransda Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) təmsil olunacaq.

Palatadan verilən məlumata görə, sentyabrın 17-dən 20-dək davam edəcək tədbirdə ölkəmizi AQP sədri Nüsrət İbrahimov və müavini Ayan Qəmbərova təmsil edəcəklər.

Dövlət qurumlarını, nüfuzlu korporasiyaları, aparıcı maliyyə institutlarını, İT və konsaltinq şirkətlərinin rəhbər şəxslərini bir araya gətirəcək beynəlxalq konfransa Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan da daxil olmaqla onlarla ölkədən yüzlərlə qonaq qatılacaq.

AQP sədri Nüsrət İbrahimov konfransın əsas panel iclasında spiker qismində çıxış edərək beynəlxalq auditoriyaya Azərbaycanın qiymətləndirmə sektorunda həyata keçirilən irimiqyaslı islahatlar, əldə olunan nailiyyətlər və rəqəmsal biznes ekosisteminə inteqrasiya istiqamətində atılan strateji addımlar haqqında ətraflı məlumat təqdim edəcək.

AQP rəhbərliyi həmçinin xarici həmkarları ilə ikitərəfli görüşlər keçirərək gələcək əməkdaşlıq imkanlarını, innovativ qiymətləndirmə standartlarının tətbiqini və rəqəmsal həllərin tətbiqi sahəsində birgə layihələrin icrasını müzakirə edəcək. Bu iştirak Azərbaycanın regional rəqəmsal təşəbbüslərdəki rolunu daha da möhkəmləndirəcək.

Fotolar