Logo

AQP Rəqəmsallaşma və innovasiyalar komissiyasının ilk iclası keçirilib

Toplantıda daxili idarəetmə mexanizmlərinin rəqəmsal müstəviyə keçirilməsi, innovativ texnologiyaların tətbiqi və sahəvi ekosistemin modernləşdirilməsi məsələləri ətraflı müzakirə olunub.

İclası açıq elan edən AQP sədri Nüsrət İbrahimov müasir qlobal və regional iqtisadi konyunkturada rəqəmsallaşmanın həlledici rolunu vurğulayıb. Sədr qeyd edib ki, dördüncü sənaye inqilabının sürətləndiyi hazırkı dövrdə innovativ həllərin mənimsənilməsi və rəqəmsal idarəetmə standartlarının tətbiqi yalnız bir seçim deyil, qurumun davamlı inkişafını və institusional uğurlarını təmin edən qaçılmaz bir zərurətdir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı rəqəmsal islahatları və dövlətin bu sahəyə göstərdiyi yüksək diqqəti xüsusi qeyd edən N.İbrahimov Palatanın fəaliyyətini ümumdövlət strateji xəttinə tam uyğun şəkildə qurduğunu bildirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılmasını tarixi hadisə kimi xarakterizə edən Palata sədri bu addımın ölkədə texnoloji yeniliklərin tətbiqi prosesini keyfiyyət baxımından yeni mərhələyə yüksəltdiyini qeyd edib.

Strateji hesabat xarakterli çıxışında Nüsrət İbrahimov komissiyanın qarşısında duran yaxın və ortamüddətli perspektiv üçün əsas hədəfləri elan edib. Palatanın çoxfunksiyalı vahid portalının tam təkmilləşdirilməsi, kargüzarlıq və operativ idarəetmə işində şəffaflığı təmin edəcək elektron sənəd dövriyyəsinin dərindən tətbiqi, qiymətləndirmə hesabatlarının rəqəmsal formata tam keçidinin təmin olunması və sahə mütəxəssislərinin bu istiqamətdə rəqəmsal savadlılıq səviyyəsinin, bilik və peşəkar bacarıqlarının davamlı artırılması kimi strateji prioritetlər daxil olunub.

İclasda həmçinin AQP sədrinin müavini Günay İsmayılqızı geniş hesabatla çıxış edərək, rəqəmsal transformasiya və texnoloji yenilənmə istiqamətində Palata tərəfindən indiyə qədər reallaşdırılmış hazırlıq tədbirləri, mövcud texniki infrastrukturun auditi və gələcəkdə atılması planlaşdırılan praktiki addımların yol xəritəsi barədə komissiya üzvlərinə ətraflı məlumat verib.

Toplantıda komissiya üzvləri qeyd olunan hədəflərə vaxtında və keyfiyyətlə nail olunması, qiymətləndirmə fəaliyyətində tam rəqəmsal ekosistemin qurulması üçün mühüm qərarlar qəbul olunub.

Fotolar