Logo

AQP rəsmisi: Yeni standartlar tikintidə keyfiyyət və təhlükəsizliyi gücləndirəcək

“Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən tikinti materialları, məmulatları və konstruksiyalarına dair 23 yeni dövlət standartının qəbul edilməsi tikinti sektorunda keyfiyyətin yüksəldilməsi və təhlükəsizlik tələblərinin daha sistemli şəkildə tətbiqi baxımından mühüm addımdır”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı deyib.

Onun sözlərinə görə, son illərdə tikinti bazarında beynəlxalq təcrübəyə uyğunlaşma istiqamətində həyata keçirilən islahatların davamı kimi qiymətləndirilə biləcək bu qərar gələcəkdə tikinti prosesinin bütün mərhələlərinə müsbət təsir göstərə bilər: "İndiyədək tikinti materiallarının keyfiyyəti ilə bağlı müxtəlif normativ sənədlər mövcud olsa da, onların beynəlxalq standartlarla uyğunlaşdırılması bazarda vahid yanaşmanın formalaşmasına imkan yaradacaq. Bu isə həm istehsalçıların, həm idxalçıların, həm də tikinti şirkətlərinin istifadə etdiyi materialların keyfiyyətinə nəzarəti gücləndirəcək, uyğunluğun qiymətləndirilməsi mexanizmlərini daha şəffaf edəcək".

AQP sədrinin müavini vurğulayıb ki, qəbul olunan standartların əsas üstünlüklərindən biri tikinti materiallarının təhlükəsizlik göstəricilərinin dəqiq müəyyənləşdirilməsi və onların uzunmüddətli istismar xüsusiyyətlərinin beynəlxalq tələblər əsasında qiymətləndirilməsidir: "Bu yanaşma yalnız tikinti materiallarının deyil, bütövlükdə tikilən obyektlərin dayanıqlılığına və etibarlılığına müsbət təsir göstərəcək. Xüsusilə seysmik risklərin aktual olduğu Azərbaycanda istifadə olunan materialların keyfiyyəti və standartlara uyğunluğu insanların həyat və əmlak təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır".

AQP rəsmisi hesab edir ki, əsas məsələ standartların praktik tətbiqi və icrasına effektiv nəzarətin təmin edilməsidir: "Əgər yeni tələblərin icrasına ciddi nəzarət olunarsa, bazarda keyfiyyətsiz və texniki göstəriciləri təsdiqlənməmiş məhsulların istifadəsi əhəmiyyətli dərəcədə məhdudlaşacaq. Bu isə tikinti prosesində risklərin azalmasına, son nəticədə isə istehlakçıların daha keyfiyyətli və təhlükəsiz mənzillərlə təmin olunmasına şərait yaradacaq".

Müsahibimiz yeni standartlarin tikinti şirkətləri üçün müəyyən əlavə öhdəliklər formalaşdıracağı qənaətindədir: "Şirkətlər istifadə etdikləri materialların uyğunluğunu təsdiq edən sənədlərə daha ciddi yanaşmalı, satınalma prosesində keyfiyyət meyarlarını ön plana çıxarmalı olacaqlar. Müəyyən hallarda bu, istehsal və tikinti xərclərində qismən artım yarada bilər. Lakin həmin artımın bazarda kəskin qiymət dəyişikliklərinə səbəb olacağını düşünmək düzgün olmazdı.

Mənzil qiymətlərinə təsir göstərən əsas amillər torpaq dəyəri, maliyyələşmə xərcləri, tikinti həcmi, bazarda tələb və təklif nisbəti, eləcə də makroiqtisadi göstəricilərdir. Standartların tətbiqindən irəli gələn əlavə xərclərin isə ümumi maya dəyərində payı nisbətən məhdud olacaq" - İsmayılqızı söyəlyib.

Əlavə edib ki, beynəlxalq standartlara uyğun normativ bazanın formalaşdırılması Azərbaycanın tikinti sektorunun investisiya cəlbediciliyini də artıran amillərdən biridir: "Çünki xarici investorlar və maliyyə institutları layihələrin həyata keçirilməsi zamanı texniki standartlara, keyfiyyətə nəzarət mexanizmlərinə və təhlükəsizlik tələblərinə xüsusi diqqət yetirirlər. Bu baxımdan yeni dövlət standartları yalnız daxili bazarda keyfiyyətin yüksəldilməsinə deyil, həm də sektorun beynəlxalq etimadının güclənməsinə xidmət edəcək mühüm addım kimi qiymətləndirilə bilər".

Fotolar