AQP Rəyasət Heyəti və İntizam Komissiyasının birgə iclası keçirilib
Yığıncaqda qurumun fəaliyyət istiqamətləri, beynəlxalq standartların Azərbaycan dilində nəşrə hazırlanması, intizam məsələləri, qarşıdakı ümumi yığıncağın təşkili və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) inzibati binasında keçirilən birgə iclasda giriş nitqi söyləyən AQP sədri Nüsrət İbrahimov həyata keçirilən işlər, peşəkar qiymətləndirmə institutunun inkişafı, beynəlxalq təcrübənin yerli mühitə inteqrasiyası və qarşıda duran prioritetlər barədə məlumat verib.
Nüsrət İbrahimov ilin əvvəlindən görülən işlərdən bəhs edib. Bildirib ki, Palata rəqəmsal transformasiya siyasətini uğurla davam etdirir. QR kod sistemli rəqəmsal keçid, Palatanın portalının təkmilləşdirilməsi, periferiya üzrə xəritələrin yenilənməsi, qiymətləndirmə indekslərinin hazırlanması və digər istiqamətlərdə mühüm addımlar atılıb. Palata tərəfindən ölkə tarixində ilk dəfə olaraq qiymətləndirmə fəaliyyətinin metodoloji bazasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Beynəlxalq Qiymətləndirmə Standartlarının (BQS) Azərbaycan dilinə tərcüməsi yekunlaşıb və nəşrin yaxın zamanda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.
Birgə iclas çərçivəsində Palatanın fəaliyyətində peşə etikası və intizam məsuliyyəti məsələləri də müzakirə olunub. İntizam tədbirləri ilə bağlı müraciət və məsələlərə baxılıb. Qiymətləndiricilərin AQP-nin etik davranış kodeksinə uyğun fəaliyyət göstərməsinin, peşə məsuliyyətinə riayət edilməsinin və qiymətləndirmə prosesində dürüstlük, obyektivlik, şəffaflıq prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.
İştirakçılar qeyd ediblər ki, qiymətləndirmə peşəsinin nüfuzunun möhkəmləndirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ictimai etimadın qorunması yalnız peşə standartlarının tətbiqi ilə deyil, həm də etik normalara əməl olunması və məsuliyyət mexanizmlərinin səmərəli fəaliyyəti ilə mümkündür.
İclasda həmçinin Azərbaycan Qiymətləndiricilər Palatasının növbəti ümumi yığıncağına hazırlıq məsələləri müzakirə edilib, təşkilati istiqamətlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.