Logo

AQP və “PAŞA Bank” rəhbərliyi arasında işgüzar görüş keçirilib

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) ilə ölkənin aparıcı maliyyə institutlarından olan “PAŞA Bank” ASC arasında işgüzar görüş baş tutub.

Görüşdə AQP sədri Nüsrət İbrahimov və “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Pərvin Əhədzadə, hər iki qurumun rəsmiləri iştirak edib. Müzakirələr qiymətləndirmə sektorunun milli iqtisadiyyatın dayanıqlığındakı rolu, risklərin idarə olunmasının rəqəmsal transformasiyası və məlumat bazalı qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi ətrafında aparılıb.

AQP sədri Nüsrət İbrahimov bildirib ki, müasir iqtisadi mühitdə risklərin sistemli idarə olunması həm dövlət, həm də özəl sektor üçün strateji əhəmiyyət kəsb edir. O, qərarların yalnız maliyyə göstəricilərinə əsaslanmaması, eyni zamanda geniş iqtisadi kontekst və dövlət maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb. Sədr Palatanın institusional inkişaf strategiyasını açıqlayaraq yaxın gələcəkdə kağız daşıyıcılardan tam imtina olunacağını, bütün əməliyyatların elektron platforma üzərindən həyata keçiriləcəyini və “AQP indeksi” əsasında vahid məlumat sisteminin yaradılacağını bildirib. Bu sistem həm qiymətləndiricilər, həm də bank-maliyyə sektoru üçün şəffaf və çevik informasiya axını təmin edəcək.

“PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Pərvin Əhədzadə təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bankın strateji hədəflərində risklərin effektiv idarə olunması və etibarlı məlumat bazasının fundamentallığını qeyd edib. O, AQP-nin rəqəmsallaşma təşəbbüslərinin bank sektorunda operativliyi artıracağını, daxili risk modellərinin və kredit qərarlarının keyfiyyətini yüksəldəcəyini vurğulayıb. Bununla yanaşı, aktivlərin dəqiq qiymətləndirilməsinin maliyyə bazarlarında ümumi şəffaflığı gücləndirəcəyini söyləyib.

Tərəflər qiymətləndirmə fəaliyyətində beynəlxalq standartların tətbiqini genişləndirməklə dayanıqlı biznes mühitinin formalaşdırılması istiqamətində səylərin artırılacağını qeyd ediblər. Birgə layihələrin iqtisadiyyatın dayanıqlı inkişafına və investisiya cəlbediciliyinin artmasına əhəmiyyətli töhfə verəcəyi vurğulanıb. Görüş innovativ yanaşmaların və məlumat mübadiləsinin qarşılıqlı maraqlar çərçivəsində tətbiqi istiqamətində razılaşmalarla yekunlaşıb.

Fotolar