
Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Palatası arasında işgüzar görüş keçirilib. Görüşdə Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Toğrul Əliyev, baş direktor Şahin Mahmudzadə və qurumun müvafiq struktur rəhbərləri, həmçinin Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov, Palatanın sədr müavinləri Günay İsmayılqızı və Ayan Qəmbərova, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Azər Niftiyev iştirak ediblər.
AZXEBER.COM xəbər verir ki, tərəflər qiymətləndirmə sektorunda mövcud vəziyyəti, bank sistemində təminat kimi qəbul edilən aktivlərin dəyərinin müəyyənləşdirilməsi mexanizmlərini və bu sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüş qarşılıqlı dialoq şəraitində keçib və qiymətləndirmə proseslərinin daha dəqiq, şəffaf və risk yönümlü aparılması məqsədilə bir sıra institusional və texnoloji yeniliklər diqqətə çatdırılıb.
Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev kredit risklərinin idarə edilməsində təminatın real bazar dəyərinin düzgün müəyyən edilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. AQP sədri Nüsrət İbrahimov görüşdə təqdim etdiyi analitik çərçivədə girov dəyərinin şişirdilməsinin bankların LTV, LGD və kapital adekvatlığı modellərində uyğunsuzluqlara səbəb ola biləcəyini bildirib. Bu səbəbdən dəyərin yalnız bazar göstəricisi kimi deyil, eyni zamanda bərpa dəyəri və real satış potensialı nəzərə alınmaqla müəyyən edilməsi zəruri hesab olunub. Tərəflər IRB modellərində qiymətləndirmə məlumatlarının istifadəsi, PD/LGD göstəricilərinin hesablanmasına təsiri və ESG risklərinin bank risk modellərinə inteqrasiyası kimi məsələləri də müzakirə ediblər.
Görüşdə AQP tərəfindən hazırlanan ESG qiymətləndirmə modeli təqdim olunub. Model ətraf mühit, sosial məsuliyyət və idarəetmə üzrə 15 indikator əsasında layihələrin dayanıqlılığını qiymətləndirir və bank sektorunda yaşıl maliyyələşmənin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Tərəflər yaxın müddətdə bir neçə pilot layihə üzrə bu modelin tətbiqinə başlanılması barədə razılığa gəliblər.
Müzakirələrin əsas istiqamətlərindən biri AQP-nin hazırladığı süni intellekt əsaslı qiymət proqnozlaşdırma modulunun bank sistemlərinə inteqrasiyası olub. Modul bazar məlumatları, ESG göstəriciləri və makroiqtisadi trendlər əsasında daşınmaz əmlakın dəyərini real zamanlı proqnozlaşdırır və təminatların monitorinqində yeni mərhələ açır. Mərkəzi Bank sözügedən texnologiyanın bankların risk qiymətləndirmə mexanizmlərində tətbiqini dəstəkləyib və API əsaslı inteqrasiyaya hazır olduğunu bildirib.
Problemli kreditlər üzrə qiymətləndirmə çərçivəsi də görüşdə geniş müzakirə olunub. NPL təminatlarının satış müddəti, likvidlik diskontları, bazar qeyri-müəyyənliyi və ESG riskləri nəzərə alınmaqla qiymətləndirilməsi, təkrar qiymətləndirmə dövrlərinin müəyyənləşdirilməsi və bu mexanizmin prudensial nəzarət çərçivələri ilə uyğunlaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin "BQS 2025” (Beynəlxalq Qiymətləndirmə Standartları) standartlarına uyğun vahid qiymətləndirmə hesabatı formatının tətbiqi, hesabatların AQP portalında avtomatik struktur yoxlanışından keçirilməsi və metodoloji uyğunsuzluqlarla bağlı sistem bildirişlərinin verilməsi kimi yeniliklər təqdim olunub. Bu mexanizmlərin bank sektorunda şəffaflığı və müqayisəliliyi artıracağı vurğulanıb.
Görüşün sonunda tərəflər Azərbaycan Respublikası Mərkəzi Banki və Azərbaycan Qimyətləndiricilər Palatası arasında rəqəmsal inteqrasiya modulunun hazırlanması, ESG və yaşıl kreditlər üzrə pilot proqramların işə salınması, bank təminatlarının vahid reyestrə daxil edilməsi və peşəkar təlim proqramlarının hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Eyni zamanda hər iki qurumdan qarşılıqlı fəaliyyəti kordinasiya edəcək İşçi Qrupunun yaradılmasına qərar verilib. Görüş qiymətləndirmə sektorunda beynəlxalq standartlara uyğun, məlumat əsaslı və risk yönümlü yanaşmanın tətbiqinin gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilib.