Logo

Beynəlxalq Şura AQP-nin təşəbbüsünü yüksək qiymətləndirilib

Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) növbəti yığıncağında Cənubi Qafqaz regionunda qiymətləndirmə sektorunun cari vəziyyəti və strateji inkişaf istiqamətləri geniş müzakirə olunub. Tədbirdə Gürcüstan Qiymətləndiricilər Assosiasiyasının prezidenti, IVSC-nin üzvü, iqtisad elmləri doktoru Nino Beraia mövzu ilə bağlı geniş məruzə ilə çıxış edərək, regionda tətbiq olunan innovativ metodologiyalar və institusional islahatlar barədə beynəlxalq auditoriyaya ətraflı məlumat verib.

Məruzəçi çıxışında xüsusi olaraq Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) fəaliyyətini və son dövrlərdə həyata keçirdiyi mühüm layihələri diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın qiymətləndirmə bazarında şəffaflığın artırılması və analitik bazanın təkmilləşdirilməsi məqsədilə AQP tərəfindən daşınmaz əmlak, avtomobil və tikinti indeksləri hazırlanıb. N.Beraia vurğulayıb ki, bu indekslər bazarın konyunkturunu dəqiq izləməyə imkan verən mühüm iqtisadi indikatorlardır və gələk perspektivdə sözügedən mexanizmlərin iqtisadiyyatın bütün sahələrini əhatə edəcək şəkildə genişləndirilməsi hədəflənir. Bu təşəbbüs regionda qiymətləndirmə fəaliyyətinin rəqəmsallaşması və beynəlxalq standartlara tam uyğunlaşdırılması istiqamətində atılmış fundamental addım kimi qiymətləndirilib.

Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının rəhbər heyəti Azərbaycan Qiymətləndiricilər Palatasının təqdim etdiyi bu innovativ yanaşmanı və indeksləşdirmə sisteminin qurulması təşəbbüsünü yüksək qiymətləndirib. IVSC rəhbərliyi qlobal standartların milli səviyyədə tətbiqi və bazarın analitik alətlərlə təmin edilməsi istiqamətindəki səmərəli fəaliyyətinə görə AQP-yə rəsmi təşəkkürünü ifadə edib. Qeyd edilib ki, bu cür sistemli yanaşmalar Cənubi Qafqazda investisiya mühitinin etibarlılığını artırmaqla yanaşı, beynəlxalq maliyyə institutları ilə inteqrasiya proseslərini daha da sürətləndirəcək.

Fotolar