Daşınmaz əmlakın qiymətləndirilməsində hüquqi amillərin rolu

Əmlakın qiymətləndirilməsi zamanı yalnız onun yerləşdiyi ərazi, sahəsi, texniki vəziyyəti və bazardakı tələb-təklif nisbəti əsas götürülmür. Əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi, torpaq sahəsinin təyinatı, tikilinin hüquqi statusu, mövcud yüklülüklər və istifadə məhdudiyyətləri də onun dəyərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Bəzi hallarda fiziki və texniki göstəriciləri, hətta yerləşmə xüsusiyyətləri eyni olan iki daşınmaz əmlakın hüquqi vəziyyətindəki fərqlər onların bazar dəyərinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb ola bilər.

Bu baxımdan hüquqi amillərin qiymətləndirmə prosesində nəzərə alınması sadəcə sənədlərin yoxlanılması ilə məhdudlaşmır. Burada əsas məsələ əmlak üzərində mövcud hüquqların və məhdudiyyətlərin onun iqtisadi potensialına, istifadəsinə, özgəninkiləşdirilməsinə və bazarda cəlbediciliyinə təsirinin müəyyən edilməsidir.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvləri olan hüquqşünasların fikrincə, qiymətləndirmənin obyektivliyi üçün əmlakın hüquqi vəziyyəti ilə faktiki vəziyyəti birlikdə təhlil edilməli, hüquqi risklər isə yekun nəticədə əsaslandırılmış şəkildə əksini tapmalıdır.

AQP Hüquq komissiyasının sədri Orxan Cəfərbəyli bildirib ki, daşınmaz əmlakın qiymətləndirilməsində mülkiyyət hüququnun hüquqi əsasları və dövlət reyestrindəki məlumatlar ilkin əhəmiyyət daşıyır: “Qiymətləndirici təqdim olunan sənədlərlə faktiki vəziyyət arasındakı uyğunluğu araşdırmalı, əmlakın hüquqi statusunun onun istifadəsinə və bazar dövriyyəsinə təsirini nəzərə almalıdır.

Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların mövcudluğu, həmin hüquqların məzmunu və onların həyata keçirilməsinə qoyulmuş məhdudiyyətlər qiymətləndirmə baxımından xüsusi əhəmiyyət kəsb edir. Məsələn, torpaq sahəsinin sənədlərdə göstərilən təyinatı ilə faktiki istifadə istiqamətinin fərqlənməsi, tikilinin hüquqi statusunun aydın olmaması və ya obyektin müəyyən hissəsinin hüquqi baxımdan rəsmiləşdirilməməsi onun potensial alıcı üçün cəlbediciliyini dəyişə bilər”.

Ekspertin sözlərinə görə, qiymətləndirici yalnız əmlakın mövcud fiziki vəziyyətini əsas götürməməli, hüquqi uyğunsuzluqların onun bazar dəyərinə mümkün təsirini də təhlil etməlidir. Çünki əmlakdan faktiki istifadə imkanının mövcudluğu həmin istifadənin hüquqi baxımdan təmin edildiyi anlamına gəlmir. Bu fərq xüsusilə torpaq sahələrinin və üzərində tikili olan obyektlərin qiymətləndirilməsində diqqətdən kənarda qalmamalıdır”.

AQP Hüquq komissiyasının üzvü, hüquqşünas Cavad Ağayev isə hesab edir ki, əsas diqqət əmlak üzərindəki yüklülüklərin və hüquqi məhdudiyyətlərin qiymətləndirməyə təsirinə yönəldilməlidir: “Mülkiyyət hüququnun mövcudluğu əmlakın bütün hallarda məhdudiyyətsiz istifadəsi və sərəncamı imkanını yaratmır. İpoteka, icarə hüququ, həbs və digər hüquqi məhdudiyyətlər əmlakın hüquqi dövriyyəsinə, istifadə şərtlərinə və potensial alıcıların qərarlarına təsir edə bilər.

Burada mühüm məqam hər bir yüklülüyün avtomatik olaraq əmlakın dəyərini aşağı saldığını düşünməməkdir. Onun qiymətləndirməyə təsiri yüklülüyün xarakterindən, müddətindən, əhatə dairəsindən, hüquq sahibinin imkanlarından və qiymətləndirmənin məqsədindən asılıdır. Məsələn, ipoteka ilə yüklü olan əmlakın qiymətləndirilməsi zamanı ipotekanın mövcudluğu, özlüyündə, obyektin bazar dəyərinin eyni məbləğdə azalması demək deyil”.

Ağayevin fikrincə, qiymətləndirici əmlakın hansı hüquqi vəziyyətdə və hansı fərziyyələr əsasında qiymətləndirildiyini müəyyənləşdirməli, məhdudiyyətin bazar iştirakçılarının davranışına mümkün təsirini əsaslandırmalıdır: “Qiymətləndirmə zamanı hüquqi sənədlərin araşdırılması ilə hüquqi ekspertiza arasında da fərq qoyulmalıdır. Qiymətləndirici təqdim edilən sənədləri, reyestr məlumatlarını və əmlakın hüquqi vəziyyətinə dair mövcud faktları qiymətləndirmə məqsədi baxımından təhlil edir. Lakin mübahisəli mülkiyyət hüququnun kimə məxsus olduğunu müəyyənləşdirmək, sənədin hüquqi etibarlılığı barədə məhkəmə qərarını əvəz edən nəticə çıxarmaq və ya hüquqi mübahisəni həll etmək onun səlahiyyətinə daxil deyil.

Belə məsələlər xüsusi hüquqi araşdırma tələb etdikdə, bu zərurət hesabatda və qiymətləndirmənin məhdudlaşdırıcı şərtlərində aydın göstərilməlidir. Bu yanaşma qiymətləndiricinin peşəkar məsuliyyətinin sərhədlərini də müəyyənləşdirir. Hüquqi məlumatların natamamlığı və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda, həmin hallar qiymətləndirmənin nəticəsinə təsir edə biləcəyi təqdirdə sifarişçidən əlavə məlumat tələb olunmalı, zəruri məlumatların təqdim edilməməsi isə qanunvericiliyin tələbləri çərçivəsində qiymətləndirmənin aparılmasına maneə kimi nəzərdən keçirilməlidir” - deyə hüquqşünas fikrini tamamlayıb.

Fotolar