Qiymətləndiricilər məhkəmə depozit mexanizminə daxil edildi
“Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul olunan son qərar qiymətləndirmə fəaliyyətinin institusional inkişafı, məhkəmə-hüquq sistemində qiymətləndirmə institutunun rolunun gücləndirilməsi və qiymətləndiricilərin hüquqi təminatlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bunu Palatanın rəsmi saytına açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı bildirib.
Sədr müavini qeyd edib ki, uzun illərdir məhkəmələr tərəfindən qiymətləndirmə subyektlərinə daxil olan sifarişlər üzrə xidmət haqqının ödənilməsi prosesində müəyyən praktiki çətinliklər mövcud idi. Əsas problemlərdən biri qiymətləndiricilərin məhkəmə proseslərində depozit hesabı mexanizminə daxil edilməməsi ilə bağlı idi. Bu isə bir sıra hallarda qiymətləndirmə xidmətlərinin maliyyələşdirilməsində gecikmələrə, prosedur çətinliklərinə və peşəkar fəaliyyətin operativ təşkilinə mənfi təsir göstərirdi.
“Ali Məhkəmənin son qərarı ilə qiymətləndiricilərin də digər mütəxəssislər, vəkil, şahid, ekspert və tərcüməçilərlə yanaşı depozit hesabı mexanizminə daxil edilməsi olduqca mühüm və strateji addımdır. Bu qərar qiymətləndiricilərin məhkəmə proseslərində iştirakının hüquqi əsaslarını daha da möhkəmləndirir. Eyni zamanda onların əməyinin təminatlı şəkildə ödənilməsinə şərait yaradaraq,ümumilikdə məhkəmə təcrübəsində qiymətləndirmə institutunun əhəmiyyətini artırır”.
AQP rəsmisi vurğulayıb ki, müasir dövrdə qiymətləndirmə fəaliyyəti yalnız iqtisadi və maliyyə münasibətlərinin deyil, eyni zamanda məhkəmə çəkişmələrinin, mülki mübahisələrin, əmlak bölgülərinin, kompensasiya məsələlərinin, kredit və girov münasibətlərinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu baxımdan qiymətləndiricilərin məhkəmə proseslərində operativ, obyektiv və peşəkar şəkildə iştirak etməsi xüsusi əhəmiyyət kəsb edir.
“Qiymətləndirmə rəyləri bir çox hallarda məhkəmə qərarlarının formalaşmasına birbaşa təsir edən əsas sübut vasitələrindən biri hesab olunur. Belə bir şəraitdə qiymətləndirmə mütəxəssislərinin fəaliyyətinin institusional təminatı və maliyyə mexanizmlərinin təkmilləşdirilməsi hüquqi sistemin daha səmərəli fəaliyyətinə xidmət edir. Qqəbul olunan qərar həm də qiymətləndirmə peşəsinin nüfuzunun artırılması baxımından mühüm mərhələdir.
Onun fikrincə, bu addım qiymətləndiricilərin məhkəmə sistemində ayrıca peşəkar subyekt kimi qəbul edilməsinin və onların fəaliyyətinə verilən önəmin göstəricisidir: “Azərbaycan Qiymətləndiricilər Palatası olaraq hesab edirik ki, bu qərar qiymətləndirmə fəaliyyətinin inkişafına, peşəkar mühitin sağlamlaşmasına və qiymətləndirmə xidmətlərinin keyfiyyətinin daha da yüksəlməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, məhkəmə orqanları ilə qiymətləndirmə subyektləri arasında əməkdaşlığın daha effektiv qurulmasına, proseslərin şəffaf və çevik şəkildə həyata keçirilməsinə əlavə imkanlar yaradacaq” - İsmayılqızı deyib.
Əlavə edib ki, son illərdə Azərbaycanda qiymətləndirmə sahəsində aparılan islahatlar, yeni qanunvericilik bazasının formalaşdırılması, beynəlxalq standartların tətbiqi və peşəkar institutların gücləndirilməsi bu sahənin inkişafına ciddi təkan verib. Ali Məhkəmənin sözügedən qərarı da həmin islahatların mühüm davamı kimi qiymətləndirilə bilər. Qiymətləndiricilərin məhkəmə proseslərində fəaliyyətinin hüquqi və maliyyə baxımından daha etibarlı əsaslara söykənməsi həm vətəndaşların hüquqlarının qorunmasına, həm də ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına mühüm töhfə verəcək.