Logo

Qiymətləndiricilər Palatası əsas fəaliyyət prioritetlərini açıqlayıb - FOTOLAR

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov Palatanın yeni inzibati binasında media nümayəndələri üçün brifinq keçirib. Tədbirdə qiymətləndirmə sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma istiqamətində görülən işlər və qarşıdakı strateji hədəflər açıqlanıb.

Ölkənin aparıcı televiziya kanalları, informasiya agentlikləri və xəbər portallarının nümayəndələrinin iştirak etdiyi brifinqdə Nüsrət İbrahimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 8 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni Qanun ölkədə bu sahənin inkişafında yeni mərhələnin əsasını qoyub.

Onun sözlərinə görə, həmin qanuna uyğun olaraq 2024-cü il 30 noyabr tarixində təsis edilən Azərbaycan Qiymətləndiricilər Palatası hazırda ölkədə qiymətləndirmə fəaliyyətini tənzimləyən səlahiyyətli peşə institutudur. Hazırda 100-dən çox qiymətləndirici təşkilatda çalışan 200-ə yaxın fərdi qiymətləndirici AQP-nin reyestrində qeydiyyata alınıb. Palatanın fəaliyyətin əsas prinsiplərini peşəkarlıq, şəffaflıq və ictimaiyyətlə açıq dialoq təşkil edir.

Palata sədri qeyd edib ki, ötən dövr ərzində qiymətləndirmə peşəsinin inkişafı, peşə etikası və keyfiyyət standartlarının tətbiqi, qiymətləndiricilərin hüquq və peşə maraqlarının müdafiəsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu çərçivədə Beynəlxalq Qiymətləndirmə Standartları (IVS 2025) Azərbaycan dilinə tərcümə olunub və yaxın günlərdə qiymətləndiricilərin istifadəsinə təqdim olunacaq. Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində qiymətləndiricilərin peşə imtahanlarının təşkili prosesində Palata yaxından iştirak edir.

Brifinqdə Palatanın rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi layihələrə də xüsusi diqqət yetirilib. Bildirilib ki, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində gov.az domeni üzərindən Elektron Qiymətləndirmə Portalı istifadəyə verilib. Portal vasitəsilə QR kodlu qiymətləndirmə hesabatlarının hazırlanması, elektron reyestrin aparılması, hesabatların onlayn qaydada yoxlanılması və digər rəqəmsal xidmətlərin göstərilməsi təmin olunur.

Palatanın qarşıdakı prioritetlərindən danışan AQP sədri vurğulayıb ki, Elektron Qiymətləndirmə Portalının tam funksional tətbiqi, Milli Qiymətləndirmə Standartlarının hazırlanması, ESG (Ətraf mühit, sosial və korporativ İdarəetmə) qiymətləndirmə metodologiyasının tətbiqi, startap və innovativ layihələrin qiymətləndirilməsi üzrə metodiki bazanın formalaşdırılması, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi bu sırada yer alır.

Media nümayəndələrinə müraciət edən Nüsrət İbrahimov Azərbaycan Qiymətləndiricilər Palatasının bundan sonra da media ilə açıq, şəffaf və konstruktiv əməkdaşlığı davam etdirəcəyini söyləyib. O bildirib ki, cəmiyyətin düzgün məlumatlandırılması, qiymətləndirmə peşəsinin nüfuzunun artırılması və bu sahədə maarifləndirmənin genişləndirilməsində media mühüm tərəfdaşdır.

Brifinqin sonunda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb. Tədbirdə AQP sədrinin müavinləri Ayan Qəmbərova və Günay İsmayılqızı, İntizam Komissiyasının sədri Nahid Həsənov da iştirak edərək media nümayəndələrini maraqlandıran məsələlərə münasibət bildiriblər.