
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) rəhbərliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi arasında işgüzar görüş keçirilib.
Görüşdə Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov, Dövlət Vergi Xidmətinin rəsmisi Rəsul Hüseynov, həmçinin hər iki qurumun müvafiq struktur bölmələrinin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Dövlət Vergi Xidmətinin AQP.gov.az portalına inteqrasiyası məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu inteqrasiyanın qiymətləndirmə fəaliyyətinin şəffaflığının artırılması, məlumat mübadiləsinin optimallaşdırılması və institusional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Müzakirələr zamanı tərəflər qarşılıqlı maraq doğuran digər əməkdaşlıq istiqamətləri barədə də fikir mübadiləsi aparıblar. Xüsusilə, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və məlumatların operativ mübadiləsi imkanları diqqət mərkəzində olub.
Görüşün yekununda qeyd olunan məsələlərin icrasının təmin edilməsi məqsədilə hər iki qurumun nümayəndələrinin iştirakı ilə müvafiq İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Tərəflər gələcək dövrdə institusional əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.