Qiymətləndiricinin elektron portalı: Rəqəmsal idarəetmədə yeni koordinasiya modeli
Azərbaycan Qiymətləndiricilər Palatası ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında “Qiymətləndiricinin Elektron Portalı” layihəsi üzrə formalaşan əməkdaşlıq modeli ölkədə rəqəmsal idarəetmənin inkişafı baxımından mühüm institusional addım kimi qiymətləndirilir. İqtisadiyyat.az xəbər verir ki, layihə dövlətin rəqəmsallaşma siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq elektron xidmətlərin vahid ekosistem üzərindən inteqrasiyasını hədəfləyir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, müvafiq Prezident Fərmanı çərçivəsində yaradılmış Rəqəmsal İnkişaf Şurası dövlət orqanları arasında koordinasiyanın gücləndirilməsi və layihələrin strateji hədəflərə uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərir. Bu mexanizm “Qiymətləndiricinin Elektron Portalı” kimi təşəbbüslərin daha sistemli və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır.
Qeyd olunub ki, Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən portalın texniki strukturu və inteqrasiya məsələləri üzrə görülən işlərin aidiyyəti qurumlara təqdim edilməsi layihənin institusional koordinasiya çərçivəsində inkişaf etdiyini göstərir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə aparılan məlumat mübadiləsi texniki uyğunluğun təmin edilməsinə xidmət edir.
Layihənin texniki dəstək funksiyalarının ASAN xidmətin tərkibində fəaliyyət göstərən İnnovasiya Mərkəzi tərəfindən icra olunması isə əməkdaşlıq modelinə operativlik və sabitlik qazandırır. Bu yanaşma elektron portalın idarəetmə və texniki təhlükəsizlik standartlarına uyğun şəkildə qurulmasını təmin edir.
Tərəflər arasında formalaşan əməkdaşlıq çərçivəsi “Qiymətləndiricinin Elektron Portalı”nın təkcə texnoloji platforma deyil, həm də qiymətləndirmə sahəsində şəffaflığın, çevikliyin və məlumatların dəqiqliyinin artırılmasına xidmət edən vahid idarəetmə aləti kimi inkişaf etdirilməsinə imkan yaradır. Bu təşəbbüs ölkədə rəqəmsal transformasiyanın dərinləşməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.