Logo

QR kodlu qiymətləndirmə dönəminin üstünlükləri açıqlandı

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) rəqəmsal transformasiya çərçivəsində istifadəyə verdiyi vahid elektron portal qiymətləndirmə bazarında şəffaflığın artırılması və risklərin sıfırlanmasında inqilabi mərhələdir və ölkənin maliyyə-iqtisadi sistemində mühüm rol oynayan bu platforma bir sıra strateji üstünlükləri ilə fərqlənir.

AQP-dən bildirilib ki, elektron portal sadəcə bir verilənlər bazası deyil, maliyyə sistemində riskləri minimuma endirən, kredit təminatlarının etibarlılığını təmin edən və qiymətləndirmə peşəsinə cəmiyyətin etimadını bərpa edən ən güclü rəqəmsal alətdir.

Mütəxəssislərin rəyinə əsasən, portalın bazara gətirdiyi 5 əsas üstünlük aşağıdakılardır:

Saxta hesabatlara son: Hər bir hesabat sistemdə unikal nömrə və QR kodla qeydiyyata alınır. Banklar, məhkəmələr və dövlət qurumları sənədin həqiqiliyini bir saniyədə yoxlayır, saxta və ya sonradan dəyişdirilmiş hesabatların dövriyyəsi tamamilə bloklanır.

Vahid elektron reyestr: Dağınıq və fərqli platformalarda qalan hesabatlar vahid mərkəzdə toplanır. Bu, eyni obyektin müxtəlif tarixlərdəki qiymət tarixçəsini şəffaf şəkildə izləməyə imkan verir.

Beynəlxalq Qiymətləndirmə Standartlarına (IVC) uyğun avtomatlaşdırılmış nəzarət: IVC-nın tələblərinə uyğun olaraq, hesabatların keyfiyyəti şikayət əsasında deyil, risk əsaslı sistemli monitorinqlə davamlı yoxlanılır.

Dövlət reyestrləri ilə inteqrasiya: Portalın daşınmaz əmlak, vergi və hüquqi şəxslərin dövlət reyestrləri ilə inteqrasiyası qiymətləndirmə prosesində məlumatların operativ və qərəzsiz əldə olunmasını təmin edir.

Dəqiq bazar analitikası və qiymət indeksləri: Toplanan məlumatlar emal edilərək əmlak bazarının inkişaf meyllərini əks etdirən rəsmi statistik göstəricilər və qiymət indeksləri formalaşdırılır ki, bu da investorlar üçün etibarlı bələdçidir.

Fotolar