Sahibkarlar dövlət qapılarında VAXT itirməyəcək – Yeni platforma gəlir

Dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində daha bir yenilik tətbiq olunur. Noyabrın 24-dən sahibkarlar üçün nəzərdə tutulan “MyGov Business” platformasının pilot versiyasının istifadəyə verilməsi planlaşdırılır. Yeni platformanın biznes subyektlərinin dövlət qurumları ilə əlaqəsini asanlaşdırması, müxtəlif xidmətlərə vahid rəqəmsal mühitdən çıxış imkanı yaratması nəzərdə tutulur.
Bəs yeni platforma sahibkarların gündəlik fəaliyyətində hansı dəyişikliklərə səbəb olacaq?
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı mövzu ilə bağlı Musavat.com-a bildirib ki, “MyGov Business” dövlət-sahibkar münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcıdır: “Hesab edirəm ki, “MyGov Business” platformasının yaradılması Azərbaycanda sahibkarlıq mühitinin təkmilləşdirilməsi, dövlət-biznes münasibətlərinin müasir idarəetmə prinsipləri əsasında inkişaf etdirilməsi və iqtisadi proseslərin rəqəmsallaşdırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Bu təşəbbüs Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların, rəqəmsal transformasiya siyasətinin və sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin məntiqi davamıdır. Platformanın əsas üstünlüyü sahibkarların müxtəlif dövlət qurumları ilə münasibətlərini vahid rəqəmsal mühit üzərindən daha operativ və sistemli şəkildə tənzimləməsinə imkan yaratmasıdır. Müraciətlərin edilməsi, sənədlərin təqdim olunması, dövlət xidmətlərindən istifadə və müraciətlərin icra vəziyyətinin izlənilməsi kimi proseslərin vahid platformada cəmləşdirilməsi sahibkarların gündəlik fəaliyyətinə müsbət təsir göstərə bilər.
Sahibkar üçün ən qiymətli resurslardan biri zamandır. Müasir iqtisadi münasibətlərdə zaman amili birbaşa maliyyə göstəricisinə çevrilib. İnzibati prosedurlara sərf olunan hər əlavə saat sahibkarın istehsala, satışa, innovasiyaya və biznesin genişləndirilməsinə ayıra biləcəyi vaxtı azaldır. Sahibkar enerjisini sənədləşmə işlərinə deyil, yeni layihələrin həyata keçirilməsinə, iş yerlərinin yaradılmasına, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə sərf etməlidir. Dövlətin yaratdığı rəqəmsal imkanlar da özəl sektorun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edə bilər”.
Ekspert qeyd edib ki, digər mühüm məsələ bürokratik prosedurların optimallaşdırılmasıdır: “Rəqəmsallaşmanın mahiyyəti yalnız kağız sənədlərin elektron sənədlərlə əvəzlənməsindən ibarət deyil. Əsl rəqəmsal transformasiya mövcud prosedurların yenidən nəzərdən keçirilməsini, təkrarlanan əməliyyatların aradan qaldırılmasını və xidmətlərin daha funksional model əsasında təşkilini nəzərdə tutur.
Dövlətin informasiya sistemlərində mövcud olan məlumatların sahibkardan təkrar tələb edilməməsi, qurumlararası elektron məlumat mübadiləsinin genişləndirilməsi və müraciətlərin vahid sistem üzərindən idarə olunması həm sahibkarların işini asanlaşdıra, həm də dövlət qurumlarının fəaliyyətində operativliyi və institusional koordinasiyanı gücləndirə bilər. Bu proses şəffaflıq baxımından da əhəmiyyətlidir. Sahibkarın müraciətinin hansı mərhələdə olduğunu izləməsi, prosedurlar və onların icra müddətləri barədə məlumat əldə etməsi biznes fəaliyyətində müəyyənliyi artırar və dövlət xidmətlərinə etimadı möhkəmləndirər. Sahibkar fəaliyyətini planlaşdırarkən inzibati prosedurların müddətini, tələb olunan sənədləri və qarşısında duran öhdəlikləri əvvəlcədən bilməlidir. Vahid rəqəmsal platforma bu baxımdan biznes qərarlarının daha çevik və əsaslandırılmış şəkildə qəbul edilməsinə də müsbət təsir göstərə bilər”.
Maliyyə aspektinə gəldikdə isə, Günay İsmayılqızı deyib ki, rəqəmsallaşmanın yaratdığı qənaət yalnız birbaşa xərclərin azalması ilə məhdudlaşmır: “Nəqliyyat, sənədləşmə, işçi qüvvəsi və müxtəlif inzibati əməliyyatlarla bağlı xərclərin optimallaşdırılması biznesin ümumi əməliyyat səmərəliliyini yüksəldə bilər. Xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün bu amil daha böyük əhəmiyyət daşıyır. İri şirkətlərdən fərqli olaraq, kiçik sahibkarların geniş inzibati və hüquqi resursları hər zaman olmur. Bəzən sahibkar biznesi idarə etməklə yanaşı, bütün sənədləşmə və müraciət proseslərini də özü həyata keçirməli olur. Vahid rəqəmsal xidmət platforması məhz bu kateqoriyadan olan sahibkarlar üçün əlavə imkanlar yarada bilər.
Qənaət olunan maliyyə və zaman resurslarının istehsala, texnoloji yeniliklərə, insan kapitalının inkişafına və yeni bazarlara çıxışa yönəldilməsi nəticə etibarilə ölkənin iqtisadi fəallığına, məşğulluq səviyyəsinə və qeyri-neft sektorunun inkişafına töhfə verə bilər”.
AQP rəsmisinin sözlərinə görə, platformanın regional sahibkarlığın inkişafı baxımından da potensialı böyükdür: “Regionlarda fəaliyyət göstərən sahibkarların coğrafi məsafədən asılı olmayaraq dövlət xidmətlərinə bərabər və operativ çıxış imkanlarının genişləndirilməsi iqtisadi inklüzivliyə xidmət edir. Sahibkarın paytaxtda və ya ölkənin hər hansı bölgəsində fəaliyyət göstərməsindən asılı olmayaraq, eyni keyfiyyətdə dövlət xidmətlərindən yararlana bilməsi müasir idarəetmə modelinin mühüm göstəricisidir. Rəqəmsal dövlət xidmətlərinin inkişafı Azərbaycanın investisiya cəlbediciliyinə də müsbət təsir göstərə bilər. Xarici investor ölkəyə sərmayə yatırmaq barədə qərar qəbul edərkən yalnız iqtisadi potensialı deyil, inzibati mühitin keyfiyyətini, dövlət xidmətlərinin əlçatanlığını, prosedurların şəffaflığını və idarəetmənin operativliyini də qiymətləndirir. Bu baxımdan rəqəmsal biznes ekosisteminin inkişafı Azərbaycanın beynəlxalq iqtisadi rəqabət qabiliyyətinin yüksəldilməsi və müasir investisiya məkanı kimi mövqeyinin möhkəmləndirilməsi üçün əhəmiyyətlidir.
Eyni zamanda, kommersiya məlumatlarının məxfiliyinin qorunması, kibertəhlükəsizlik, sistemin fasiləsiz fəaliyyəti və sahibkarların rəqəmsal bacarıqlarının artırılması diqqət mərkəzində saxlanılmalıdır. Çünki rəqəmsal transformasiya yalnız texnoloji deyil, həm də institusional və sosial prosesdir. Düşünürəm ki, bu təşəbbüsün arxasında daha geniş strateji yanaşma dayanır. Dövlətin sahibkar üçün yaratdığı imkanların genişləndirilməsi, inzibati yükün optimallaşdırılması və iqtisadi təşəbbüskarlığın stimullaşdırılması dövlətlə özəl sektor arasında sağlam tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir”.